Qərbin Cənubi Qafqaz planı SUYA DÜŞDÜ - Paşinyan hakimiyyətdən uzaqlaşdırılır?

 15:12 05.12.2023     432

Qərb Ermənistanda növbədənkənar parlament seçkisi keçirməyi tələb edir.

Bu iddia ilə Ermənistanda dərc edilən “Hraparak” nəşri çıxış edib. Nəşr yazır ki, seçki tələbi, əsasən, Qərb dairələrindən gəlir. Belə ki, onlar Nikol Paşinyanın nüfuzdan düşəcəyindən ehtiyat edirlər.

Bildiyimiz kimi, Paşinyanın hakimiyyətdən getməsini daha çox Rusiya arzulayır. Qərb bunun üçün əks mövqe nümayiş etdirir, Paşinyana tam dəstək verirdi.

Maraqlıdır, Qərb və Ermənistan arasında nə baş verdi ki, növbədənkənar parlament seçkisi keçirməyi tələb edir? Həqiqətən də Qərb Paşinyan üzərindən icra etməyə çalışdığı planlarından vaz keçir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, "Hraparak" qəzetinin iddiasını real hesab etmir.

Onun sözlərinə görə, bu nəşr indiyə qədər Ermənistanla bağlı məsələlərdə həmişə hakimiyyətə müxalif mövqe tutduğuna görə, yazılarının bir çoxu reallığa söykənsə də, bəzən sensasiya xatirinə materiallar da dərc edir.

"Digər tərəfdən, həm də bu iddia ona görə inandırıcı deyil ki, bu gün Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinə getməyi Rusiyanın daha çox maraqlarına xidmət edir və Qərb indiki məqamda Nikol Paşinyanı hansısa bir növbədənkənar seçkiyə göndərməyi düşünə bilməz. Çünki bir daha qeyd edirəm ki, bu, Qərbin maraqlarını və Qərbin Ermənistana yanaşmasını, Ermənistan hakimiyyətinə baxışlarını əsla özündə ehtiva edən bir durum deyil. O baxımdan həm də sonuncu növbədənkənar parlament seçkilərində Paşinyanın rəqibləri o qədər zəif oldular ki, ona qarşı bir inamsızlıq məsələsində Rusiya istədiyi nəticələrə nail ola bilmədi. Bu baxımdan, mən yaxın zamanlarda Ermənistanda hansısa bir növbədənkənar parlament seçkilərinin keçiriləcəyini düşünmürəm. Bunun üçün Ermənistanda daxili tələbat da yoxdur. Eyni zamanda, Ermənistanda Paşinyana alternativ siyasi qüvvələrin əlini Rusiyanın cibinə salmaq, Rusiyada maddi yardımlar dilənmək faktoru da ortada var. Nəticə olaraq fikrimcə, nə Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək, nə də Qərb bu məsələdə Ermənistan hakimiyyətinə hansısa çağırışlar edir".

Həmidə İBRAHİMLİ