"Bəsic və SEPAH Azərbaycan dövlətinə qarşı olan qüvvələri yenə dəstəkləyir"

 17:43 05.12.2023     391

"Azərbaycanla İran arasında münasibətlərdə elə bir ciddi dəyişiklik yoxdur. İran hakimiyyəti ölkə daxilində anti-Azərbaycan qüvvələrini dəstəkləməkdə davam edir, oradakı anti-Azərbaycan qüvvələrinin Azərbaycana qarşı çıxışlarına şərait yaradır və onları mükafatlandırır. Azərbaycana özünü xoş göstərmək üçün müxtəlif layihələri ilə bağlı fəaliyyət göstərirlər".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, sərhəd bölgələrində yeni məntəqələrin yaradılması təbii bir hadisədir:

"Çünki indiyə qədər Qarabağ işğal altında olduğu dövrdə İran sərhədində yerləşən Qarabağətrafı rayonlarla İran arasında sərhədlərdə məntəqələr yox idi və yaxud müəyyən mənada fəaliyyət göstərmirdi. İndi o ərazilərdə məntəqələrin yaradılması, perspektivdə ortaq bazarların yaradılması kimi məsələlər iqtisadi maraqlardır, burada İranın maraqları da təmin olunur. Ona görə bunu birbaşa Azərbaycan-İran münasibətlərinin inkişafı, yaxşılaşması kimi qəbul etmək, məncə, sadəlövhlük olar. İran Azərbaycana qarşı mövqeyindən əl çəkməyib. Bu, məsələn, İran XİN-nin, Prezidentinin çıxışlarında vurğulanmır. Amma İran ictimaiyyəti arasında, məsələn, İran İnqilab Keşikçiləri Qvardiyasının, yəni SEPAH-ın əsas qüvvəsi olan yarım hərbi birləşmə Bəsicin anti-Azərbaycan qüvvələrinə dəstəyi, onların mükafatlandırılmasında bunları söyləmək olmaz. Bəsic və SEPAH Azərbaycan dövlətinə qarşı olan qüvvələri yenə dəstəkləyir, yardımlar edir.

Bu isə İran hakimiyyəti tərəfindən Azərbaycan-İran münasibətlərini korlayan faktordur. Azərbaycanın indiyədək İran qarşısında qaldırdığı şərtlərə əməl etməyiblər. Bu, səfirliyə hücum edənlərlə, yaxud hücum edənlə bağlıdır. Bu, İran ərazisində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələri ilə bağlıdır və sair.  Bunların heç birinə İran hakimiyyəti əməl etmir. Odur ki, münasibətlərin, tutaq ki, 2020-ci il sentyabrın 27-dən əvvəlki vəziyyətdə olduğunu söyləmək mümkün deyil. İran-Azərbaycan münasibətləri gərgindir və birmənalı deyil".

Xatırladaq ki, Azərbaycanın İranla dövlət sərhədində yeni buraxılış məntəqələri inşa olunacaq. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Həmidə İBRAHİMLİ