"Ermənistan İran üzərindən iqtisadi blokadadan çıxmağa çalışır"

 12:56 06.12.2023     464

Ermənistanla İran Araz çayı üzərində yeni körpü layihəsi üzərində işləyirlər. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan məlumat yayıb. 

İranın Ermənistana daim dəstək olduğunu bilirik. Ermənistan İran vasitəsilə düşdüyü iqtisadi böhrandan çıxa biləcəkmi?

Türkiyə ilə sərhədləri bağlı olan, Azərbaycanla münasibətləri nizama salmayan Ermənistan üçün İranla münasibətləri dərinləşdirmək çıxış yoludurmu? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov dedi ki, İran özü 40 ildən çoxdur ki, blokada şəraitində yaşayır:

"Yəni Ermənistanla İran arasında körpünün tikilməsinin praktiki olaraq Ermənistanın dünyaya açılması üçün hər hansı bir ciddi təsir mexanizmi olacağını düşünmürəm. İran özü sanksiyaları dəlmək üçün Ermənistandan istifadə edirsə, Ermənistan da öz növbəsində İran üzərindən hər hansı bir formada iqtisadi blokadadan çıxmağa çalışırsa, bu, o qədər də real görünmür. Ola bilər ki, müəyyən mənada İranla ticarəti dərinləşdirmək məqsədilə addım ata bilərlər. Amma praktiki olaraq Ermənistana beynəlxalq səviyyədə ticarət əlaqələrini genişləndirmək şansını vermir. Yəni bu hal real görünmür. İran özü sanksiyalar altındadır. İranın Azərbaycanla ticarət əlaqələri geniş deyil, artıq son dövrlər zəifləyir. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanla da vəziyyət eynidir. İranın potensial olaraq ata biləcəyi addımları artıq beynəlxalq ictimaiyyət bloklayıb. Uzun illərdir proses var və hər il sanksiyalar arta-arta gedir. Belə olan halda Ermənistanın İran vasitəsilə nəsə bir ciddi uğur əldə edəcəyini düşünməyimiz real görünmür. Bu, sadəcə İranla Ermənistan arasında müəyyən bir ticarət əlaqələrinin yaxşılaşdırılmasına xidmət edə bilər. Başqa ciddi bir alternativ görmürəm".

Humay İSGƏNDƏRLİ