"O'Braynın səfəri zamanı ABŞ-la yaranan problemlərin həlli istiqamətində nəticə əldə oluna bilər" - AÇIQLAMA
"Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Azərbaycana səfəri məhz Blinkenin cənab Prezident İlham Əliyevlə keçirdiyi telefon danışığından sonra razılaşdırıldı".
Bunu Ceyms O'Braynın Azərbaycana səfər etməsi haqqında Redaktor.az-a danışan politoloq İlyas Hüseynov söylədi.
Politoloqun sözlərinə görə, telefon danışığı zamanı müzəffər Ali Baş Komandan İlham Əliyev öz tələblərini irəli sürdü ki, Azərbaycanın da yüksək vəzifəli rəsmiləri Birləşmiş Ştatlara səfər edə bilərlər və burada hər hansısa maneə və məhdudiyyət yaradılmamalıdır:
"Blinken bunu qəbul etdi və razılaşdı. Düşünürəm ki, bu səfər çərçivəsində Azərbaycan və ABŞ arasında son dövrlər yaranan problemlərin həlli istiqamətində nəticə əldə oluna bilər. Çünki ABŞ Azərbaycanla təzyiq və təhdid dilində danışa bilməz. Baxmayaraq ki, ABŞ dünyanın əsas super güclərindən biridir, dünyanın hər bir nöqtəsində Amerika öz maraqlarını güdür. Amerika diktə etməyi əsas prioritet hesab edən dövlətdir. Amerikanın dünyadakı maraqları hər kəsə bəllidir. Lakin Cənubi Qafqazda əsas güc mərkəzi Azərbaycandır. İkinci Qarabağ müharibəsində qalib gələn dövlətdir. Həmçinin siyasi, enerji, nəqliyyat və iqtisadi güc mərkəzidir. Bunlar danılmaz və təkzibolunmaz faktlardır. Bu, ABŞ başda olmaqla hər kəsin əsas meyar kimi hesab etdiyi göstəricilər olmalıdır. Düşünürəm ki, Ceyms O'Braynın səfəri çərçivəsində həm də Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin nizamlanması prosesi müzakirə olunacaq. Burada Azərbaycan öz prinsipial mövqeyini yenidən diqqətə çatdıracaq. ABŞ çoxdan bu mövqeyi bilir, lakin ermənilərin maraqlarının təminatı hesabına, hər hansısa sülhdən, sülh razılaşmasından, sülh müqaviləsindən söhbət gedə bilməz. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə keçirdiyi tədbirdə də cənab Prezident məhz bu amilə diqqət yetirdi. ABŞ-dan da burada ekspertlər, tədqiqatçılar, beyin mərkəzlərinin nümayəndələri iştirak edirdilər və hər kəs Azərbaycanın mövqeyini bilməli və onunla hesablaşmalıdır".
Humay İSGƏNDƏRLİ