"Ermənistanla Azərbaycan arasında bufer zona yaratmaq istəyirlər"

 17:35 06.12.2023     490

"Avropa İttifaqı bundan qabaq daha uzun müddətə və say tərkibi artırılması ilə missiya göndərmişdi. Amma onların əlində yeganə vasitə sadəcə durbin idi. İndi texniki missiya dedikdə təxmin edə bilərik ki, texnika, təhlükəsizlik vasitələri burada özünü tapacaq. Bu baxımdan Avropa İttifaqı son zamanlar ritorikasını artırıb ki, Ermənistanın təhlükəsizliyinə təhlükələr var. Bu təhdidlər guya Azərbaycan tərəfdəndir".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tural Əliyev Avropa İttifaqının Ermənistana texniki missiya göndərməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məqsəd texniki avadanlıqların sərhəd boyu gətirilməsinə zəmin hazırlamaqdır:

"Buna görə o xəbərlər daha çox tirajlanır ki, guya Ermənistanın təhlükəsizliyinə təhdid var və müdafiə olunmasına ehtiyac var. Müdafiədə nə deməkdir? Yəni o silahların gəlməsini istəyirlər. Ermənistanı bu şəkildə silahlandırsınlar və onların da əsas məqsədlərindən biri Ermənistanla Azərbaycan arasında bufer zona yaratmaqdır. Halbuki delimitasiya olunmayıb və iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Bu baxımdan Avropa İttifaqının ora texniki missiya göndərməsi Ermənistanın özünün milli maraqlarına zərbədir. Əgər Ermənistan bu şəkildə dövlətini, suverenliyini zərbə altına qoymaq istəyirsə, onlar gəlib orada nə iş görəcəklər? Yəni nəzərə almalıyıq ki, texniki missiyanın tərkibində kəşfiyyatçılar da olacaq.

Əslində biz sülh müqaviləsi imzalamaq istəyirik ki, sərhəddə bir təhlükəsizlik sistemi qurulsun. Amma Avropa İttifaqı onun militarizasiyasına çalışır. Əksinə, oranı hərbiləşdirir, biz isə hərbsizləşdirmək istəyirik ki, sülh gəlsin. Bu da sülhə mane olur. Bu baxımdan artıq Avropa İttifaqı tərəfindən texniki missiyanın gəlməyi sülhə daha bir zərbədir. Bu günə qədər müşahidə missiyası var idi, sadəcə olaraq müşahidə edirdilər. Amma texniki missiyada artıq təkcə Ermənistan Silahlı qüvvələri olmayacaq. Oraya artıq Avropa İttifaqının əsgərləri gələcəklər. Hələ ki, bunun adını belə təqdim etmirlər. Amma texniki missiyanın tərkibində kim ola bilər? Hər halda mülki insan olmayacaq. Hərbçi gələcək, ölçəcək biçəcək ki, burda nələr var, bura nələr lazımdır. Bu da istər-istəməz müstəqillikdən danışan dövlət üçün ayıb bir şeydir".

Həmidə İBRAHİMLİ