"Əsir hərbçilərimizin dəyişdirilməsi mümkün olan məsələdir" - Polkovnik
Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.
Belə ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.
Qeyd edək ki, 2023-cü ilin aprelində Naxçıvan MR Şahbuz rayonunun Ermənistanla sərhədində Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüb.
Maraqlıdır, Hüseyn Axundovun həbs müddəti nə üçün uzadıldı? Əsir hərbçilərimizin dəyişdirilməsi mümkün ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, həbs müddətinin artırılmasının səbəbini izah etmək çox çətindir:
"Bütün hallarda nümayiş etdirmək istəyirlər ki, Azərbaycan hərbçiləri sərhədimizi keçib və s. Biz də onları cəzalandırırıq. Azərbaycanı daima günahlandırırlar ki, bəs Azərbaycan hücum etmək istəyir, müəyyən tədbirlər görür, kəşfiyyat tədbirləri həyata keçirir. Nəinki Avropanı, bütün dünyanı zəhərləyiblər ki, bəs Azərbaycan hücum etmək istəyir. Ona görə də bəzi ölkələr də bundan istifadə edir. Ermənistanı silah-sursatla təmin etməyə çalışırlar və cənab Prezident ADA Universitetində bu gün keçirilən konfransda silahlarla bağlı çox maraqlı bir fikir dedi ki, Ermənistana verilən silahlar dünya silah bazarında o qədər də ciddi qiymətləndirilmir. Qaldı ki, əsir hərbçilərimizin dəyişdirilməsi məsələsi, bu mümkün ola bilən məsələdir. Təbii ki, hər şey danışıqlardan asılıdır. Dövlət sərhəddimizi pozan və ya kəşfiyyat həyata keçirən müəyyən adamlar var ki, onların istintaq tədbirləri həyata keçirilir. Yəqin ki, yaxın vaxtda məhkəmələrinə başlanacaq. Güman edirəm ki, hərbçilərin dəyişdirilməsi mümkündür, gec-tez bu məsələ həllini tapacaq".
Hərbçilərimizin seperatçılarla dəyişdirilməsi məsələsinə toxunan polkovnik dedi ki, güman etmirəm ki, səlahiyyətli orqanlarımız bu məsələlərdə belə güzəştə getsinlər:
"Hərbçinin hərbçi ilə dəyişdirilməsi mümkündür. Ancaq bunların separatçılarla dəyişdirilməsi məsələsi mümkün deyil. İnanmıram ki, səlahiyyətli orqanlarımız razılıq versinlər. Çünki onlar çox ağır cinayətlər törədiblər, öz layiqli cəzalarını almalıdırlar".
Humay İSGƏNDƏRLİ