"Ermənistan bir az ağıllı davranmalıdır" - Elman Məmmədov 

 17:00 07.12.2023     422

"Prezident İlham Əliyev üç saatlıq tədbirdə verilən bütün suallara dolğun cavab verdi. Təbii ki, bu toplantını təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində maraqlı tərəflər hamısı izləyirdilər. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların hamısı izləyirdi. Cənab Prezidentin suallara verdiyi bütün cavabları ümumiləşdirəndə nə nəticə çıxartmaq olar? Prezident bir daha bütün dünyaya bəyan etdi ki, biz sülhsevər dövlətik, biz heç kimin ərazisinə müdaxilə etməmişik, öz ərazimizdə uzun illər kök salmış separatizmin, terrorizmin, işğalın kökünü kəsib buna son qoymuşuq".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumu zamanı Qərbin tutduğu mövqeyə cavabını şərh edərkən deyib.

Onun sözlərinə görə, müharibə qaydalarına Ermənistandan fərqli olaraq Azərbaycan əməl edib:

"Apardığımız həm 44 günlük müharibədə, həm bir günlük antiterror əməliyyatında biz bütün müharibə qanunlarına humanist mövqedən yanaşaraq heç bir mülki şəxsə ziyan vurmamışıq, mülki əhaliyə zərər verməmişik. Müharibənin başa çatmasından üç ildən artıq bir müddət keçməsinə baxmayaraq, Azərbaycan tərəfi bu gün də ermənilərin uzun illər ərzində ərazimizdə basdırdıqları, mina terrorundan əziyyət çəkir, həyatlarını itirir, əlil olurlar. Bütün bu dövrdə biz Ermənistana dəfələrlə sülh təklifimizi vermişik, mövqeyimizi də bütün vasitəçilərə və beynəlxalq qurumlara bəyan etmişik. Bu, Azərbaycanın mövqeyidir.  O cümlədən Borelin mövqeyinə, onun o qərəzli yanaşmasına, Amerikada bir qrup senatorun, Fransanın mövqeyinə aydınlıq gətirildi. Cənab Prezidentimiz Ermənistana diplomatik qaydada bir daha xəbərdarlıq etdi ki, əgər mövcudluğunu, suverenliyini qoruyub saxlamaq istəyirsə, mehriban qonşuluq davranışlarına qayda qanunlarına əməl etməlidir. Ermənistan nəinki onun-bunun fitvasına, şirin vədlərinə uyub yenidən silahlanır, yenidən müxtəlif bəyanatlar səsləndirir və sair. Eyni zamanda təkcə Ermənistana yox, Ermənistanı silahlandıran dövlətlərə - Fransa, Hindistan və başqalarına mesajını verdi ki, bu silahlandırmanın son məqsədi nədir. Yəqin ki, Ermənistanı yenidən müharibəyə hazırlayırlar. Ancaq Ermənistan bir az ağıllı davranmalıdır".

Həmidə İBRAHİMLİ