"Növbədənkənar Prezident seçkiləri Azərbaycanın daha da güclənməsinə yönəlmiş addımdır"
Xəbər verildiyi kimi, bu gün Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb.
Bildirək ki, prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar.
Növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov dedi ki, cənab Prezident həm ölkəmizdə, həm də dünyada baş verən prosesləri çox diqqətlə təhlil edən, izləyən bir insan kimi belə bir müdrik addım atıb:
"Bu gün dünyamızda, regionda çox ciddi proseslər gedir. Ona görə hesab edirəm ki, belə bir addımın atılmasına zərurət var idi və cənab Prezident də bu addımı atdı. Bu gün həm dünya, həm ölkəmiz ciddi çağırışlarla üz-üzədir. Eyni zamanda, bu gün Azərbaycanda çox ciddi islahatlar həyata keçirilir. Hesab edirəm ki, o anlamda bu, cənab Prezidentin növbəti uzaqgörən və müdrik qərarının nəticəsidir. Bu, Azərbaycanın daha da güclənməsinə, daha da inkişafına, daha da möhkəmlənməsinə yönəlmiş növbəti bir qətiyyətli və prinsipial addımdır".
Humay İSGƏNDƏRLİ