"Prezidentin mesajlarından sonra həmin dairələr öz bəyanatlarına fikir verəcəklər"
"Çox təəssüflər olsun ki, Ermənistanı dəstəkləməkdə davam edən bəzi siyasətçilər var. Cənubi Qafqazda təsir mexanizmlərini gücləndirmək istəyən, Ermənistanı öz təsirində saxlamaq üçün həmin qüvvələr təbii ki, Azərbaycanın əldə etdiyi uğurları qəbul etmirlər. Xüsusilə də regionda Azərbaycanın günü-gündən güclənməsi onlar tərəfindən müəyyən dərəcədə qısqanclıqla qarşılanır. Artıq anlayırlar ki, Azərbaycan onların oyunlarını pozub və əslində vaxtilə elə onların müəyyənləşdirdiyi beynəlxalq hüquq və konvensiyalara söykənərək özlərinin yaxşı bildiyi dildə və formada bu problemi həll edib. Bu baxımdan da görürsünüz ki, Azərbaycanın heç kimdən asılı olmadan müstəqil siyasət yürütməsi qəbul edilmir və Azərbaycana qarşı təxribatlar var. Azərbaycana qarşı qərəz hiss olunur və sanki regionda əsl sülhün olması onların işinə yaramır".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev son zamanlar Qərbin Azərbaycana qaşı tutduğu qərəzli mövqeyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan öz mövqeyində qətidir:
"Azərbaycan bütün tərəflərə bildirir ki, biz regionda uzunmüddətli, dayanıqlı sülh istəyirik və Ermənistanın da bu sülhün əldə olunmasında töhfə verməsi vacibdir. Çünki birtərəfli sülh ola bilməz. Eyni zamanda Ermənistanın müdafiəsinə qalxan qüvvələr də Azərbaycana qarşı haqsız mövqe sərgiləyirlər. Çox təəssüflər olsun ki, Ermənistana qarşı heç bir təzyiq etmirlər, əksinə, sülh prosesinin yubadılmasında sanki Ermənistanı cəsarətləndirirlər və müəyyən dərəcədə təsir göstərirlər. Bu baxımdan da cənab Prezidentin dünən çıxışında səsləndirdiyi fikirlər bir daha Qərb dairələrinə və bizi istəməyən qüvvələrə mesaj oldu. Bir daha bütün bu məsələlərə aydınlıq gətirildi və həqiqətən də cənab Prezidentin mesajlarından açıq aydın görünür ki, konkret olaraq Azərbaycana qarşı qərəz var. Çox təəssüflər olsun ki, sanki onlar birbaşa olaraq erməni mövqeyini tirajlayırlar. Həmin qüvvələr onsuz da reallığın nədən ibarət olduğunu anlayırlar. Azərbaycana qarşı fərqli mövqe sərgiləyən Fransa da bəzən öz səsləndirdiyi fikirləri reallaşdıra bilmir. Hətta min kilometrlərlə uzaqda yerləşən həmin qüvvələr Ermənistana heç bir real köməklik göstərə bilmir".
Deputat onu da qeyd etdi ki, Azərbaycan planlı şəkildə öz işlərini həyata keçirir və onsuz da regionda tək özünün yox, region dövlətlərinin təhlükəsizliyini fikirləşir:
"Ermənistan siyasi hərbi rəhbərliyi də müstəqil siyasət yeridə bilsə, onlar da sürətli şəkildə Azərbaycanla sülhün imzalanmasını dəstəkləyərlər. Ancaq çox təəssüflər olsun ki, onlara maneçilik törədən və cəsarətləndirən addımlar və tərəflər var. Ermənistanın aktiv şəkildə silahlandırılması bu təxribatlardan biridir. Əgər bu silahlandırılma olmasaydı, bəlkə biz artıq sülhün baş tutmasını müzakirə edə bilərdik. Görürsünüz ki, bunu istəmirlər və bu baxımdan da Ermənistanı aktiv şəkildə silahlandırırlar. Azərbaycan istənilən halda öz istəyinə çatacaqdır və Qarabağa sürətli geri dönüşü, qayıdışı reallaşdırır. Azərbaycan bunu öz gücü hesabına həyata keçirib. Heç bir beynəlxalq təşkilat, hər hansı bir fond və yaxud Qərb dairələri Azərbaycana maliyyə dəstəyi göstərmirlər. Azərbaycan öz gücü hesabına Qarabağ və Şərqi Zəngəzuru yenidən tikir. Fikirimcə, həmin qüvvələr anlamalıdırlar ki, ikili standartlardan əl çəkərək Azərbaycana dəstək nümayiş etdirsələr, daha yaxşı olar. Çünki Azərbaycan faktiki olaraq həmin qüvvələrin edə bilmədiyini edir və həmin təşkilatların mandatı çərçivəsində reallaşdırılmalı olan məsələləri özü həll etməkdədir. Mən ümid edirəm ki, cənab Prezidentin mesajlarından və verdiyi açıqlamalardan sonra həmin dairələr öz bəyanatlarına və öz mövqelərinə fikir verəcəklər. Anlayacaqlar ki, əslində bu cür haqsız mövqedən çıxış etməklə öz prinsiplərinə zidd addımlar atırlar və özlərini beynəlxalq ictimaiyyət qarşısında gözdən salırlar".
Həmidə İBRAHİMLİ