"Bir-birlərinə qarşı olan iddialarını Azərbaycan-Ermənistan münasibətləri kontekstində həll etməyə çalışırlar"

 17:25 08.12.2023     426

"Hadisələr də təsdiqləyir ki, ikitərəfli birbaşa görüş daha çox səmərəli olur".

Bunu Redaktor.az-a Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsi haqqında danışan politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, bir görüş həm də o vaxt daha çox səmərəli olur ki, o format dəstəklənsin:

"Məsələn, bu yaxınlarda Qazax rayonunda Ermənistanla keçirilən görüş sübut edir ki, Azərbaycan və Ermənistan ortaq yeni vasitəsiz görüş keçirməyi bacarır. Dünən qəbul edilmiş birgə bəyanat isə belə görüşlərin keçirilməsinə, birgə bəyanatların verilməsinə siyasi iradənin olduğunu göstərir. Bu baxımdan perspektivdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində, sülh sazişinin imzalanmasında ikitərəfli danışıqlara daha çox üstünlük verilməsinə ehtiyac olacaq. Çünki vasitəçilərin öz aralarında müəyyən ixtilafları var, bu ixtilafı bir çox hallarda Azərbaycan-Ermənistan münasibətləri müstəvisinə köçürürlər.

Yəni bir-birlərinə qarşı olan hikkə və iddianı Azərbaycan- Ermənistan münasibətləri kontekstində çıxmağa çalışırlar, həll etməyə çalışırlar. O da ziyan verir. Amma kənardan bu proses dəstəklənərsə, nəticə uğurlu ola bilər və məhsuldar olar. Belə görüşlər həm Rusiyanın, həm Amerika Birləşmiş Ştatlarının, eləcə də Böyük Britaniyanın,  Avropa İttifaqının bu görüşləri dəstəkləməsi çox səmərəli ola bilər. Sonuncu birgə bəyanatı NATO da daxil olmaqla, Avropa İttifaqı, Rusiya, ABŞ, Böyük Britaniyanın dəstəklədiklərini və alqışladıqlarını bildiriblər. Bu o deməkdir ki, dünyanın aparıcı gücləri, super gücləri bu prosesi dəstəkləyir və alqışlayır. Məncə ən etibarlı və düzgün yer yenə də Azərbaycan və Ermənistanın sərhədyanı bölgəsidir. Çünki bu, həm tərəflərin bir-birinə etimadını, etibarını artırar, həm də danışıqlarda üçüncü qüvvənin olmadığını göstərər. Əgər tərəflər perspektivdə sülh sazişi imzalamağı qarşılarına məqsəd qoyurlarsa, normallaşma prosesini başa çatdırmağa çalışırlarsa, onda üçüncü ölkə ərazisində niyə danışıqlar aparıb, saziş imzalamalıdırlar?"

Humay İSGƏNDƏRLİ