"Paşinyanın səmimiliyinə inanmaq çox çətin məsələdir" - Diplomat
"Ermənistanın Baş naziri Nikol Paşinyanın səmimiliyinə inanmaq çox çətin bir məsələdir. Çünki o, dəfələrlə mövqeyini, fikrini dəyişir. Ya deyir “Qarabağ Ermənistandır və nöqtə", ya da axırıncı yığıncaqda dedi ki, “biz gərək Qarabağın yox, elə Ermənistanın maraqlarına cavab verən addım atardıq".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq, diplomat Fikrət Sadıxov Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağını şərh edərkən deyib.
Onun sözlərinə görə, bir sıra məsələlər artıq həll olunub:
"Azərbaycan özü hərbi və siyasi üsullarla həll edib. Amma görünən odur ki, saziş imzalanma ərəfəsində Paşinyan müxtəlif problemlər yaradır. Yəni etnik ermənilərin qayıdışının o sazişə bir maddə kimi əlavə olunmasını istəyir. Dövlət başçımız elə bu yaxınlarda keçirilən forumda dedi ki, əgər ermənilərin Qarabağa qayıtması ora daxildirsə, onda təbii ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması mütləq qeyd olunmalıdır. Çünki Ermənistanda yaşamış azərbaycanlıların sayı daha çoxdur.
Hələlik belə əngəllər törədiləcək. Zəngəzur dəhlizi məsələsi də hələ həll olunmayıb. Problemlər indiyə qədər gündəmdədir. Amma hər halda ilk addımlar atılıb. Yəni hərbçilər dəyişdirildi və sair. Bu, müsbət amillərdir. Əgər bu müsbət amillərdən sonra Ermənistan tərəfindən hansısa bir ciddi addımlar görünərsə, təbii ki, sazişə imza atmağa Azərbaycan həmişə hazırdır".
Həmidə İBRAHİMLİ