Qüdrət Həsənquliyev prezidentliyə namizəd olacaq? - AÇIQLAMA

 17:40 11.12.2023     376

Bildiyimiz kimi, hazırda cəmiyyəti maraqlandıran mövzulardan biri də növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürəcək şəxslərdir.

Mediada yayılan məlumatlara əsasən, bu şəxslərdən biri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

Məlumatı dəqiqləşdirmək üçün partiyanın sədr müavini Elçin Mirzəbəyli ilə əlaqə saxladıq.

O Redaktor.az-a bildirdi ki, bu qəbildən olan qərarlar partiyanın rəsmi seçkili orqanları tərəfindən verilir.

"Hazırda belə bir qərar yoxdur və partiyanın Ali Məclisinin və yaxud qurultayının çağırılması barəsində də hər hansı bir qərar qəbul edilməyib. Qüdrət müəllim də Bakıda deyil, xaricdə səfərdədir, o baxımdan da saytlar nəyə, kimə və hara istinad ediblər, onu deyə bilmərəm. Hazırda konkret bununla bağlı hər hansı bir qərar yoxdur. Gələcəkdə nə olacaq? Bu, artıq təşkilatın seçkili orqanlarının verəcəyi qərardır, mən bununla bağlı fikir bildirməyə səlahiyyətli deyiləm", - deyə E.Mirzəbəyli əlavə etdi.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. 

Humay İSGƏNDƏRLİ