Avropa İttifaqının Azərbaycana qarşı məkrli siyasəti - "Razılaşmaları pozaraq özbaşına mandat əldə edib"
Bildiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Görüş zamanı çıxış edən XİN rəhbəri bildirib ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyası Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi istifadə olunur.
"Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur",- deyə nazir bildirib.
Qeyd edək ki, Aİ Ermənistandakı missiyasının sayını artıraraq, 209 nəfərə çatdıracaq.
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq İlyas Hüseynov dedi ki, Avropa İttifaqının Ermənistandakı missiyası bir sıra hallarda siyasi məqsədlər üçün istifadə olunur. O hesab edir ki, bu halın özü məhz qərəz nümunəsidir.
"Digər tərəfdən, Cənubi Qafqazda davamlı sülhə, sabitliyə və firavanlığa qarşı olan bir missiya kimi də özünü göstərməkdədir. Bu missiya Azərbaycan tərəfi ilə razılaşdırılmayıb, Azərbaycan tərəfinin siyasi iradəsindən kənar həyata keçirilir və eyni zamanda əldə olunan razılaşmaları pozaraq özbaşına mandat əldə edib. Bu missiyanın regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyanatlar səsləndirilsə də, reallıqda biz tamamilə başqa məqsədlər görürük. Bu missiya Ermənistan ərazisində geopolitik məqsədlərə xidmət edir və Avropa İttifaqının tərəfsiz vasitəçi kimi etibarını da sarsıdır. Çünki Brüssel sülh gündəliyi Azərbaycan və Ermənistan arasında sülhə töhfə vermək məqsədilə çox effektiv fəaliyyət göstərirdi. Digər tərəfdən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də sülh təşəbbüslərini kölgədə qoyur. Ermənistan tərəfi Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi bu missiyanı istifadə edir. Düşünürəm ki, missiyanın sayının artırılaraq 209 nəfərə çatdırılması heç də Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına müsbət bir əlavə dəyər qatmayacaqdır. Çünki sülhə xidmət etsəydi, biz bunun əyani nəticələrini görərdik. Təəssüflər olsun ki, bu missiya Azərbaycan əleyhinə bir sıra hallarda ikili standartların bariz nümunəsi kimi çıxış edir. Bu hallara, bu qərəzli münasibətə son qoyulmalıdır", - deyə politoloq vurğuladı.
Humay İSGƏNDƏRLİ