"Sülh sazişi Azərbaycan-Ermənistan sərhədində də imzalana bilər" - AÇIQLAMA
"Hansı tərəflər moderatorluq edir, onlar çalışırlar ki, sülh müqaviləsi imzalanacaqsa onların paytaxtında imzalansın. Onlar bir daha həmin an özlərini çox qürurlu hiss etsinlər və dünyaya bir daha mesaj versinlər ki, bu münaqişə harada bitib. Sülh müqaviləsi imzalanmadığına görə hələ də konflikt hərbi fazası bitsə də, amma siyasi, diplomatik mənada davam edir. Hələ də sülh müqaviləsinin bəndləri ilə bağlı Azərbaycan və Ermənistan arasında dəyişikliklərlə bağlı ötürülmələr var. Üçüncü tərəf olmadan imzalana bilərmi? Bəli, imzalana bilər. Bu, Ermənistan siyasi hakimiyyətinin iradəsindən, qətiyyətindən asılı olacaq".
Bu sözləri Redaktor.az-a açıqlmasında politoloq Tural Əliyev Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsini şərh edərkən deyib.
Politoloq onu da xatırlatdı ki, Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa edib.
"Bircə Ermənistanın bununla bağlı üzərinə öhdəliklər götürməsi qalıb. Azərbaycanın ərazi bütövlüyünü tanısın, sərhədlərini müəyyənləşdirmək üçün hansısa dövr, xəritələrlə bağlı razılıqlar əldə olunsun. Bu da sərhəd komissiyalarının iclasından çox şey asılıdır. Yəni bu da nə dərəcədə mütəmadi hal alacaq? Bu, heç bir tərəf olmadan Tbilisidə imzalana bilər. Azərbaycan-Ermənistan sərhədində də imzalana bilər. İstənilən halda hər iki tərəfin daha çox maraqlarına uyğundur ki, üçüncü tərəf olmasın. Amma hazırda kənardan sülh prosesinə maneə varmı? Əlbəttə, var. O maneə törədən qüvvələr çalışırlar ki, Qafqazda sülh olmasın. Həmçinin Azərbaycanla Ermənistan arasında konflikt dondurulmuş da olsa, yəni söhbət münaqişədən deyil, sülh müqaviləsinin imzalanmasını uzatmaq və konfliktin başqa bir məcrada davam etməsini istəyirlər. İstəyirlər ki, tərəflər razılığa gələ bilməsin. Amma bu, bir daha Ermənistanın hazırkı hakimiyyətinin qətiyyətindən asılı olacaq. Çünki onlar olmadıqca sülh prosesi uzanır və uzandıqca da, əslində Ermənistanın özünə də xeyri olmur. Çünki daxildəki qüvvələr çalışacaqlar bunu hakimiyyətin üzərinə basqı etsinlər.
Amma Azərbaycanın şərtlərindən biri də budur ki, Ermənistan üzərinə hüquqi öhdəlik götürməlidir və bir daha revanşa əl atmayacaq, revanşist qüvvələrin baş qaldırmasına imkan verməyəcək. Yəni bunlar olduqdan sonra sülh müqaviləsi üçün sadəcə sadəcə bir imza qalır. Əsas məsələ bəndlər üzərində razılığa gəlməkdir. Bəzi ehtimallara görə, əsas bəndlər üzərində razılıq yoxdur. Buna daha çox Ermənistan hələ ki, razılıq bildirmir. Ermənistana təzyiq edən digər xarici qüvvələr, bununla barışmayan qüvvələr Ermənistan hakimiyyətindən istifadə edib Qafqazda bax belə gərginlik yaradırlar. Yəni bütün bunlar gərginliyə xidmət edir. Ermənistan bacarmalıdır ki, bu və ya digər qüvvələri regiona buraxmasın", - deyə T.Əliyev vurğuladı.
Həmidə İBRAHİMLİ