"Bakı və İrəvan birgə fəaliyyət göstərməlidir"
"Düşünürəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündür. Burada Bakı və İrəvan birgə fəaliyyət göstərməlidir. Hər hansısa kənar müdaxilə yolverilməzdir".
Bunu Redaktor.az-a açıqlamasında politoloq İlyas Hüseynov Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsini şərh edərkən deyib.
Onun sözlərinə görə, kənar müdaxilələr destruktiv xarakter daşıyır və çox zaman vasitəçiliyi həyata keçirən güc mərkəzləri öz maraqlarını diktə etməyə çalışırlar:
"Biz ATƏT-in Minsk qrupunun yaramaz fəaliyyətini görmüşük və bu təcrübəyə malikik. Ona görə də əgər Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin aparatı arasında əldə olunmuş razılaşma nəticəsində birgə bəyanatda bir sıra mühüm məsələlər qeyd olunurdusa, ikitərəfli müstəvidə danışıqlar aparmaq mümkündür. Onları inkişaf etdirmək lazımdır ki, yekun sülh müqaviləsinin imzalanması mümkün olsun. Düşünürəm ki, bu məqsədə çatmaq mümkün olacaq. Artıq kənar geosiyasi oyunçular da bunu bilir və dəstəkləyir. Mənə elə gəlir ki, məhz dəstəkləməklə, prosesə mane olmamaqla dayanıqlı sülh və təhlükəsizlik mühiti əldə etmək mümkündür".
Həmidə İBRAHİMLİ