"Bu yardımlar olmazsa, Ukrayna üçün çətin bir dönəm başlayar"
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresindən Kiyev üçün əlavə 61 milyard dollar yardım istəyib, lakin ABŞ-ın gələn il də müttəfiqini dəstəkləməyə davam edəcəyinə dair dəqiq öhdəliyi olmadan Vaşinqtonu tərk edib. Bu barədə xarici KİV-lər yazır.
Kiyev Vaşinqtondan dəstək ala bilməzsə, bu, Rusiya-Ukrayna müharibəsinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa dedi ki, Amerikanın Ukraynaya dəstək verməyəcəyi barədə məlumatlar dəqiq deyil:
"Bildiyim qədər hələ bu müzakirəyə açıq məsələdir. Ola bilsin ki, mətbuata sızan informasiya hələ tam real vəziyyəti, mənzərəni əks etdirmir. Ukraynanın Amerikaya olan ehtiyacı və yaxud Amerikada gözlədiyi dəstəklə bağlı ümidlər hələ aradan qalxmayıb. Konqres tətilə çıxır, amma tətilə gedənə qədər də bu məsələyə baxa bilərdi. Bildiyiniz kimi, Amerikada Bayden hökuməti 106 milyard dollar ayrılmasını təklif edib və ondan 61 milyardı Ukrayna üçün nəzərdə tutulub. Mən ehtimal edirəm ki, bu yardım məsələsinə Konqres tətilə gedənə qədər və yaxud da ola bilsin, yanvar ayında təkrar baxılsın. Baxıldıqdan sonra müsbət həll ola bilər, bu şansı görürəm. Yox, bu yardımlar olmazsa, o halda Ukrayna üçün çətin bir dönəm başlayar. Əlbəttə, Rusiya ilə Ukraynanın imkanları bərabər deyil. Rusiya həddindən çox güclüdür və hətta Ukrayna üçün ağır nəticələrə gətirib çıxara bilər. Amma hər halda Amerikadan başqa Avropa ölkələri də Ukraynaya dəstəkdir. Hətta Beynəlxalq Valyuta Fondunun 900 000 milyon dollarlıq yardımı barədə artıq razılıq var. Hər halda Ukrayna dövləti çalışır ki, bir formada silah-sursat əldə etsin, maliyyəyə kömək əldə etsin və bununla da Rusiyaya qarşı mücadiləsini sürdürsün".
Humay İSGƏNDƏRLİ