Yaxın günlərdə sülh sazişi imzalanacaq? - "Paşinyan tələskənliyə yol verir, bu söhbətlər açılmamalıdır"

 13:49 14.12.2023     399

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır.

"Ermənistan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır. 30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışır və müzakirə edirik”, - deyə Paşinyan qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Samir Hümbətov dedi ki,  Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər:

"Amma kənar güclərin çox ciddi təsirləri var və güclər var ki, onlar bu və ya digər şəkildə sabotaj etməyə çalışırlar ki, Ermənistan Azərbaycanla sülh danışıqlarına gəlməsin. Ermənistanın daxilindəki vəziyyətdən də, özünü vasitəçi göstərən tərəflər ki, onların atdığı addımlardan da bu açıq görsənir. Gizlətməyin mənası yoxdur. Əgər Ermənistanla Azərbaycan arasında danışıqlar daha çox gizli, konfidensial və ikili formatda gedəcəksə, nəticə almaq ehtimalımız daha çoxdur. Çünki vasitəçilərin iştirakı olanda vasitəçilərin maraqları daha çox təmin olunmağa çalışıb. İstər Avropa İttifaqı olsun, istər Rusiya olsun, istər ABŞ olsun, gözləyirlər ki, özlərinin maraqları təmin olunsun. Amma bizim ikili danışdığımız isə birbaşa öz maraqlarımız kontekstində yanaşılır. Ola bilsin ki, Nikol Paşinyan ona görə bu fikri deyir ki, gizlində danışıqlar gedir. Görünür ki, əsirlərin qaytarılması formatında danışıqlar gedir. Amma Paşinyan bəzən tələskənliyə yol verir, adətən bu söhbətlər açılmamalıdır. Çünki beynəlxalq ictimaiyyətdə də, vasitəçi olan tərəflər də bir az qıcıq yaradır. Ermənistanın öhdəlikləri var, onlar yerinə yetirilməlidir. Ən önəmli öhdəliyi odur ki, maksimum dərəcədə ikili danışsınlar. Üçüncü tərəf burada olacaqsa, bu proseslərdə yenə pozulmalar olacaq".

Humay İSGƏNDƏRLİ