"Avropa İttifaqı dişsiz təşkilata çevrilir" - Politoloq
Zaman-zaman Avropa İttifaqının (Aİ) dağılacağı ilə bağlı fikirlər səsləndirilir. Artıq iki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi də bu qurumda birləşən dövlətlər arasında fikir ayrılığına səbəb olub. Son olaraq Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, əgər Ukrayna Aİ-yə üzv qəbul edilərsə, bu, təşkilatın dağılmasına gətirib çıxaracaq.
Maraqlıdır, yaxın gələcəkdə Aİ dağıla bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan qeyd etdi ki, istənilən birliklər, ittifaqlar əbədi deyil.
Onun sözlərinə görə, onların fəaliyyət, əməkdaşlıq müddəti müəyyən dövrə qədərdir:
"Sonradan o əməkdaşlıq, fəaliyyət öz aktuallığını itirdiyindən elə birliklərin yaranmasına, qalmasına ehtiyac olmur. Və ikinci bir məsələ, insanların yaratdığı müxtəlif siyasi təşkilatlar da bir müddət sonra qrupun, siyasi təşkilatın üzvləri həmin təşkilatın, partiyanın, yaxud hərəkatın liderinə işləməyə çalışır. Çünki təşkilatların şüarı adətən “hər şey millət üçün”, “hər şey dövlət üçün”, “hər şey partiya üçün”, “hər şey lider üçün” olur. Amma bir də görürsən, o birisi üç amil qalır qıraqda, ancaq lider üçün işləyirlər. Avropa İttifaqı da insanların qurduğu dövlətlərdən ibarətdir və burada da əvvəllər daha çox bərabərlik vardı. Amma indi son illərdə təşkilatda daha çox əhalisi olan, daha çox pulu olan dövlətlərin hegemonluğu hiss olunur. Avropa İttifaqında da ən güclü, maliyyə baxımından, əhalinin çoxluğu baxımından iki ölkədir. Fransa və Almaniya. Bir sıra proseslərdə Almaniya Fransanın yedəyində gedir. Yəni Avropa İttifaqı bəzi hallarda Fransanın öz iddia, hikkəsini həyata keçirmək üçün alətə çevrilir. Ona görə də təşkilat daxilində bir sıra ölkələr onun qəbul etdiyi qərarları yerinə yetirmir, yaxud yerinə yetirsələr belə ona daha etibarı azalır".
Politoloqun fikrincə, Böyük Britaniyanın Aİ üzvlüyündən çıxması sübut elədi ki, bu qurum böyük dövlətlərin marağını təmin edən birlik deyil:
"Məsələn, Böyük Britaniya, ABŞ da NATO üzvüdür. Böyük Britaniya NATO-dan çıxmır. Əksinə, NATO-nun güclənməsi tərəfdarıdır. Amma Böyük Britaniya Avropa İttifaqından çıxır. Niyə? Avropa İttifaqı onun maraqlarını təmin edən qurum sayılmır. Odur ki, Avropa İttifaqının indiki şəraitdə dağılmasından danışmaq tezdir, amma perspektiv və onun bu şəkildə bir dövlətin hegemonluğu kimi, yaxud dünyada gedən siyasi proseslərdə həmişə arxada qalan bir arabanın beşinci təkəri kimi beynəlxalq siyasətdə rol oynaması uzun müddət çəkməyəcək və yaxud əhəmiyytəsiz bir təşkilata çevriləcək. Qalacaq, amma xeyri olmayacaq. Avropa İttifaqında ABŞ-nin çoxlu sayda müttəfiqi olan ölkələr var. Onlar daha çox ABŞ ilə iqtisadi, siyasi və sair istiqamətdə əməkdaşlıq edir, nəinki Fransa, Almaniya ilə, yaxud öz aralarında. Ona görə də perspektivə bu, Avropa İttifaqının dağılmasından deyil, daha təkmilləşməsi və daha demokratikləşməsi məsələsindən söhbət gedə bilər. Bir də Avropa İttifaqı daxilində neqativ halların aradan qalxması məsələsi günün mövzusu ola bilər. Yəni Avropa İttifaqı təşkilatın yaranması üçün hədəflərdən uzaqlaşmamalıdır. Uzaqlaşacağı halda dağıla bilər, yaxud nüfuzdan düşə bilər. Hazırkı şəraitdə Avropa İttifaqı beynəlxalq siyasətdə yedək təşkilat kimi çıxış edir. Məsələn, HƏMAS-İsrail müharibəsi olsun, yaxud keçmiş Sovet İttifaqı ölkələrinin ərazisində baş verən hadisələr olsun, o cümlədən Ukrayna-Rusiya müharibəsi olsun, yaxud məsələn, Hindistanla Pakistan arasında Cammu və Kəşmir əyalətindəki münaqişəli məsələlər olsun və sair, yəni bu tip məsələlərə, dünyada baş verən, beynəlxalq arenada baş verən hadisələrə operativ və təsiredici reaksiya etmək qabiliyyətinə malik deyil. Buna görə də Avropa İttifaqı müəyyən mənada dişsiz təşkilata çevrilir".
Həmidə İBRAHİMLİ