"Bu, onun hoqqabazlığıdır, özünü Baş nazirdən ağıllı hesab edir" - Diplomat

 16:29 14.12.2023     368

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İctimai telekanala müsahibəsində bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan bütün şərtlər artıq etibarlı deyil.

Mövzu ilə bağlı Redaktor.az-a danışan diplomat Fikrət Sadıxov qeyd etdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci ilin 10 noyabr tarixində həmin o bəyannaməyə imzasını qoyub:

"Bu o deməkdir ki, sən imzana uyğun hərəkət etməlisən. Ölkənin Baş naziri, xarici işlər naziri belə oxşar bəyanatla çıxış etməmişdilər və 10 noyabr tarixində imzalanmış bəyannaməyə yox deməmişdilər və onu inkar etməmişdilər. 10 noyabr tarixində imzalanmış bəyannaməyə düşünürəm ki, bundan sonra da əsaslanmalıyıq. Elə xarici siyasət istiqamətində atdığımız addımlar buna bağlıdır. Eyni zamanda, Rusiyanın da orada imzası var. Əminəm ki, orada bütün maddələrin yerinə yetirilməsi Ermənistanın borcudur. Əgər o, özünü etibarlı bir dövlət hesab edirsə və özünə hörmət edən bir ölkədirsə, onu yerinə yetirməlidir. Necə yəni etibarlı deyil? Onun müddəti var idi ki? Bəyanat imzalananda yazılmışdı ki, iki-üç il müddətində bunun qüvvəsi var? Sadəcə olaraq onun hoqqabazlığıdır və görünür ki, özünü Baş nazirdən daha ağıllı hesab edir. Onlar bütün maddələri yerinə yetirməlidirlər".

Diplomat vurğuladı ki, əslində biz bir çox maddələri özümüz həm güc, həm diplomatik vasitələrdən istifadə edərək həyata keçirmişik.

"Qaldı Zəngəzur dəhlizi və digər məsələlər, onlar da həll olunacaq. Çünki bizim təzyiqimiz güclüdür, eyni zamanda, onların əngəlləmə prosesləri biz tərəfdən güclü şəkildə rədd olunur. Özləri başa düşməlidir ki, bizlə sülh yaratmaq və burada stabilliyin yaranması onların da xeyrinədir, onların da maraqlarına cavab verir", - deyə F.Sadıxov bildirdi.

Humay İSGƏNDƏRLİ