"Bu gün qoşunların sərhəddən çəkilməsi inandırıcı məsələ deyil" - Arzu Nağıyev

 17:48 14.12.2023     412

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, İrəvan və Bakı qarşılıqlı əsasda qoşunların sərhəddən çıxarılması imkanını müzakirə edir.

Onun sözlərinə görə, Azərbaycanla sazişlərin birinci hissəsi, xüsusilə İqlim konfransı ilə bağlı olan yerinə yetirilib, ikinci hissəsi əsirlərin dəyişdirilməsidir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, ümumiyyətlə, erməni tərəfi belə təklifləri mütəmadi olaraq səsləndirir.

"Əsas məsələ odur ki, şərti sərhəddən güzgüvari şəkildə qoşunların çəkilməsinə dəfələrlə təklif ediblər. Amma bu, o vaxt mümkün olar ki, delimitasiya və demarkasiya məsələsi bitsin, ondan sonra o sərhəd müəyyən olunsun ki, sərhəd haradan keçir. Bu, artıq ordunun öz qərarı ola bilər. Sadəcə olaraq, bu siyasi bəyanat ondan o tərəfə keçə bilməz. Çünki əsas məsələ odur ki, bu gün həmin o sərhədlər şərti sərhəddir. Yəni orada yüksəkliklər var, orada müxtəlif relyef var, hansı kimə məxsusdur. Bütün bunlar aydınlaşdırıldıqdan sonra, yəni delimitasiya prosesi bitdikdən sonra bu addımı atmaq olar. Lakin bu gün qoşunların sərhəddən çəkilməsi inandırıcı məsələ deyil", - deyə deputat qeyd etdi.

Həmidə İBRAHİMLİ