"Qoşunların geri çəkilməsi baş verə bilər, ancaq..." - Siyasi analitik AXC-nin acı təcrübəsini yada saldı

 12:11 15.12.2023     415

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 13-də estoniyalı həmkarı ilə brifinqdə Azərbaycan və Ermənistan qoşunlarının iki ölkə arasındakı sərhəddən çəkilməsinin müzakirə olunduğunu açıqlayıb.

“Qoşunların sərhəddən geri çəkilməsi müsbət effekt yaradacaq və növbəti mümkün eskalasiyanın qarşısını alacaq. Bu ideya müzakirə olunur", - deyə erməni nazir bildirib.

Ermənistan-Azərbaycan sərhədindən hər iki ölkənin qoşunlarının geri çəkilməsi mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi analitik Lətif Babayev dedi ki, bu məsləyə Azərbaycan xarici işlər naziri tərəfindən artıq münasibət bildirilib:

"Qeyd olunub ki, bu gün tərəflər arasında qarşılıqlı münasibətlər bir-birlərinə tam arxayın olub belə bir addımın atılması səviyyəsində olmadığından, qoşunların geri çəkilməsindən kiminsə istifadə etməyəcəyi qarantiyası yoxdur. Yəni belə bir təklif müzakirə edilə bilsə də, onun reallaşması üçün bir sıra məsələlər həllini tapmalıdır.

Azərbaycan tərəfi dəfələrlə ən yüksək səviyyələrdə sülh sazişinin bağlanması üçün qətiyyət göstərib və sərhədlərdə hər hansı gərginliyə yol verilməməsi üçün lazımi tədbirlər görüb və bu gün də görür. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və həllini tapmayan yeganə problem, anklavlar məsələsini də gələcək danışıqlar yolu ilə həll etməkdə qərarlıdır”.

Lətif Babayev həmçinin bildirdi ki, əlbəttə, sülh müqavilsinin bağlanması üçün tərəflər arasında müxtəlif səviyyələrdə danışıqların intensivləşməsi, əsas prinsipial məsələlər barədə razılığa gəlindiyi barədə informasiyaların olması müəyyən qədər etimad yaradır.

"Xüsusilə noyabr ayının 30-da Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların görüşündə tərəflərin gələcək iclas və birgə işçi görüşlərin reqlamentini ilkin olaraq razılaşdırması, bu il dekabrın 7-də yüksək səviyyəli danışıqların nəticəsi kimi 2 gün əvvəl əsir hərbi qulluqçuların dəyişdirilməsi bu ümidləri artırır. Bu cür qarşılıqlı etimad tədbirlərinin davam etdirilməsi danışıqların hansı mərhələsində razılaşdırılmış və müvafiq nəzarət mexanizmlərinin tətbiqi şərti ilə qoşunların geri çəkilməsi baş verə bilər. Ancaq bu halda belə, bir neçə məqam nəzərə alınmalıdır. Onlardan birincisi, Azərbaycanın sərhdlərinin qorunmasında əsas vəzifələrin həvalə olunduğu Sərhəd Qoşunlarının bölmələri bu gün dayandıqları məntəqələrdə dövlət sərhədlərinin mühafizəsini fasiləsiz davam etdirməlidir. Çünki Ermənistandan fərqli olaraq Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan öz sərhədlərini yalnız özü qoruyur. Bu gün də belədir, sabah da belə olacaq.

Azərbaycan–Ermənistan sərhədindəki mövcud vəziyyətlə əlaqədar yerləşdirilmiş digər qoşun növlərinə gəlincə, onların razılaşdırılmış reqlament əsasında və razılaşdırılmış konkret müddətdə dövlət sərhədlərindən geri çəkilməsi mümkün ola bilər. Bir daha qeyd edim ki, hazırkı situasiyada belə addımın atılması üçün real zəmin yaranmayıb və bu istiqamətdə şərtlərin reallaşması üçün qarşılıqlı etimadyaradıcı tədbirlərə ehtiyac var.

Yeri gəlmişkən yada salım ki, Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanın üzərinə götürdüyü öhdəliklərə və əldə olunmuş razılaşmalara əməl etməməsi kimi acı təcrübəsi də bizi atacağımız istənilən addımı ölçüb-biçməyə məcbur edir”, - deyə siyasi analitik vurğuladı.

Həmidə İBRAHİMLİ