Hindistan və Yunanıstan İrəvanı niyə silahlandırır? - SƏBƏB
Ermənistan və Yunanıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.
Eyni zamanda, Ermənistan Hindistandan “Akash” zenit-raket kompleksi ala bilər. Bundan öncə də Dehli İrəvana öldürücü silahlar göndərib.
Ermənistanın bu addımları regionda yeni bir müharibəyə ayaq aça bilərmi? Hindistan və Yunanıstan İrəvanı niyə silahlandırır?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tural Əliyev bildirdi ki, Ermənistanla Yunanıstan arasındakı istər hərbi sahədə əməkdaşlıq, istər digər sahədə əməkdaşlıq yeni bir şey deyil.
Onun sözlərinə görə, Ermənistanla Yunanıstan arasındakı münasibətlər, İrəvanın bu ölkədən silah alması heç nəyi dəyişmir:
"Ermənistan nə qədər silah ala bilər ki, o silahlarla da yenidən müharibə etməyə gücü olar? Yəni təkcə silah almaqla yetmir, ordunu sıfırdan qurmaq üçün ordu quruculuğu, üstəgəl ordudakı kadr dəyişikliyi, texnika, texnologiyaya təsir etmək illərlə vaxt tələb olunur. Amma Yunanıstanla Ermənistanın həmişə yaxınlaşması nəyin üzərində olub? Türkiyəyə qarşı. Türkiyənin Kipr məsələsində, Yunanıstanla illərdir apardığı mücadilə və Türkiyə-Azərbaycan əlaqələri, Ermənistanın blokadada qalmağı Yunanıstanla Ermənistanı həmişə yaxınlaşdırıb. Yaxınlaşma bu baxımdan olub. Yunanıstanın Ermənistanla hərbi müqaviləsi yeni bir şey deyil. Əslində Yunanıstan-Kipr-Ermənistan həmişə hərbi təlimlər keçiriblər. Hətta müharibədən sonra da bunlar ildə bir-iki dəfə təlimlər keçirdiblər. Yəni sirli bir şey deyil. Amma bu, regionda nəsə dəyişikliyə gətirib çıxardacaqmı? Xeyr. Çünki Yunanıstanın elə böyük bir siyasi və hərbi gücü yoxdur ki, Ermənistans böyük bir dəstək verərək regionda hansısa bir dəyişikliyə nail olsun. Amma tutaq ki, Fransa ilə Ermənistan arasında olsa, Fransanın hərbi sənayesi, hərbi sahədə təcrübəsi böyükdür. Bu, hardasa Ermənistana hansısa bir vəziyyətdə kömək edə bilər, təkan verə bilər. Amma Yunanıstanla Ermənistan arasındakı müqavilələr elə də böyük əhəmiyyət kəsb etmir. Yəni regiona heç bir dəyişiklik gətirməyəcək".
Politoloq onu da qeyd etdi kİ, Hindistanla Ermənistanın yaxınlaşması Zəngəzur dəhlizinə görədir.
"Çünki Hindistanın özünün bir tərtib etdiyi dəhliz var: Hind okeanı, İran körfəzi, İran, Ermənistan, Gürcüstan və Avropa yolu. Zəngəzur yolu onların maraqlarına zidd idi. Zəngəzur yolu ilə Hindistan dəhlizdən kənar qalırdı. Bu baxımdan Hindistan xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı silahla təchiz etmək üçün başladı ki, Zəngəzurun qarşısını alsınlar. Sırf bu maraq dayanır. Yoxsa Hindistan hara, Qafqaz hara? Hindistanın heç vaxt bu regionda böyük bir marağı olmayıb. O dəhliz də, yəni Zəngəzur dəhlizi Çinə xidmət edəcək. Hindistan da özü bu dəqiqə Çinlə rəqabətdədir və Hindistan da istəyir ki, öz mallarını Qərbə rahat daşısın. Yəni əslində maraqlar bu baxımdan toqquşur", - deyə Tural Əliyev bildirdi.
Həmidə İBRAHİMLİ