"Rusiya bunu bir bəhanə kimi istifadə edib" - Politoloq

 16:46 18.12.2023     323

"Rusiya və NATO münasibətlərinə müvəqqəti münasibətlər sistemi kimi baxmaq lazım deyil. Çünki ola bilər ki, tarixin müxtəlif dövrlərində geopolitik situasiya, dünyada formalaşmış iqtisadi, siyasi dəyərlər sistemi və mənzərə Rusiyanın NATO ölkələri ilə münasibətlərini yenidən nizamlamağa çalışmasına səbəb ola bilər".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Rusiya Prezidenti Vladimir Putinin NATO və ABŞ ilə bağlı çıxışlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bütövlükdə baş verən hadisələrin fonu da onu göstərir ki, NATO və Rusiya arasındakı gərginliklər qısa müddətdə bitəcək kimi görünmür:

"Əslində Putinin açıqlaması diplomatik və siyasi açıqlamadır. Onsuz da Rusiya rəhbərliyi həmişə söyləyib ki, Rusiya NATO ilə hansısa hərbi toqquşmanı istisna edir. Lakin eyni zamanda, Rusiya NATO-nun Şərqə doğru genişlənməsini özünün geopolitik maraqları kontekstində təhdid hesab edir. Rusiyanın son illərdə müdaxilə etdiyi bütün ölkələrlə əsas gətirdiyi bəhanəyə diqqət edin. Həmişə bəhanəsi NATO-nun Şərqə doğru genişlənmə meyarları olub və Rusiya bunu bir bəhanə kimi istifadə edib. Eyni zamanda, NATO rəhbərliyi də dəfələrlə NATO-nun Rusiya ilə və yaxud da Rusiyanın patronajlığı altında olan KTMT ilə hansısa hərbi, siyasi gərginliyə getməyəcəyini söyləməsi ilə xarakterizə olunub. Amma əlbəttə ki, bütün bu açıqlamalar və deyimlər praktiki olaraq reallığı ehtiva etmir. Çünki bu gün NATO faktiki olaraq Rusiyaya qarşı, Rusiya isə NATO-ya qarşı fəaliyyət göstərir. Amma indi Rusiya-Ukrayna müharibəsinin alovlandığı bir dövrdə Qərbin və Rusiyanın həm Ukrayna cəbhəsində, həm də müxtəlif cəbhələrdə açıq toqquşmalara getdiyi bir zamanda hansısa bir real döyüş imkanlarını təsəvvür etmək doğru deyil. Bu baxımdan mən də hesab edirəm ki, yaxın zamanlarda Rusiya və Ukrayna arasında baş verən müharibə fonunda Rusiya-NATO hərbi gərginliyi müşahidə edilməyəcək".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Vaşinqton Moskva ilə hesablaşmalı və ümumi dil axtarmalı olacaq.

Eyni zamanda, Putin Rusiyanın NATO ölkələrinə qarşı nə heç bir ərazi iddiası, nə də döyüşməkdə marağının olmadığını deyib.

Həmidə İBRAHİMLİ