Yeni ilədək sülh sazişi imzalanacaq? - Tofiq Zülfüqarovdan AÇIQLAMA
"Ermənistan tərəfi qabağa getmək niyyətində deyil. Yəni sülh prosesinin inkişafında demək olar ki, heç bir siyasi iradə nümayiş etdirmir. Siyasi iradə ondan ibarət olmalıdır ki, onlar vəziyyəti real olaraq başa düşməlidirlər. Və birincisi, onu qeyd eləmək lazımdır ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır və vaxtilə prinsipləri irəli sürüb. İndi bu prinsiplər əsasında belə çərçivə sazişi əldə oluna bilərdi".
Bu sözləri Redaktor.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu ayın sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqavilləsinin imzalanıb-imzalanmayacağını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan əsasən də xarici havadarların təsiri nəticəsində yenə də gündəmə mövzuya aid olmayan, ya da öz həllini tapan məsələləri gətirmək istəyir:
"Bu da təbii ki, Azərbaycan tərəfindən qəbul olunmur. Mən inanmıram ki, Yeni iləcən bu məsələlər öz həllini tapacaq. İkincisi, Azərbaycan indi əsasən daxili gündəmlə məşğuldur. Çünki biz bilirik ki, seçkilər ərəfəsindəyik və əsas siyasi gündəmdə daxili mövzular mövcuddur və ictimaiyyət onlarla məşğuldur. Ona görə mən əmin deyiləm ki, seçkilərdən qabaq hansısa irəliləyiş ola bilər".
Tofiq Zülfüqarov Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki mülki missiyasının üzvlərinin sayının artırılması və onların fəaliyyəti barədə də sualımızı cavablandırdı. Keçmiş nazir bildirdi ki, Avropa İttifaqının missiyası, onun mandatı axıracan bəlli deyil və onların nə ilə məşğul olması da o qədər məlum deyil:
"Çünki əsas məsələ bu missiya harada fəaliyyət göstərəcək? Sərhəd mövcud deyil. Sərhəd danışıqlar yolu ilə müəyyən olunacaqdır və ondan sonra onlar orada hansısa fəaliyyəti göstərə bilərlər. Bu missiya Azərbaycanın razılığı olmadan təşkil olunub və Ermənistana xidmət edən bir missiyadır. Ona görə məqsəd bundan ibarətdir ki, Ermənistan Rusiyadan uzaqlaşsın, Qərbə doğru getsin. Bu da dəstəyin bir formasıdır. Real olaraq onların heç bir səlahiyyəti yoxdur".
Həmidə İBRAHİMLİ