"AXCP və Müsavatın izah etdikləri səbəb doğru deyil" - YAP-çı deputat

 17:39 19.12.2023     527

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmayacaq. Bununla bağlı qərar Müsavat Partiyasının İdarə Heyəti iclasında və müvafiq olaraq AXCP-nin keçirdiyi qurultayda verilib. 

Partiyalar aparılan müzakirələrin və sorğuların nəticələrini nəzərə alaraq bu nəticəyə gəldiklərini bəyan ediblər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, demokratik cəmiyyətdə hər bir partiyaların inkişafını təmin edən, onun keyfiyyətini yeni mərhələyə keçirən, şübhəsiz ki, seçkilərdir.

Onun sözlərinə görə, əgər hər hansı bir partiya seçkidə iştirakla bağlı qərar qəbul etmirsə, demək, ya seçkidə iştirakla bağlı kifayət qədər elektoratı yoxdur, ya da siyasi sistemin fəal iştirakçısı olmaq üçün əzmkarlıq yoxdur:

"Hazırda Azərbaycan yeni reallıqlar yaradıb. Bu reallıqlar təkcə dövlətimizin inkişafı, tarixi qələbəmizlə bağlı deyil, həm də siyasi sistemimizin yeni keyfiyyət mərhələsinə qədəm qoymaq üçün yaxşı üfüqlər açıb. Çünki 2024-cü il seçkilərinə qədər prezident seçkilərində iştirak edən bütün partiyalar həmişə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparacaqlarını qeyd edirdilər. Ərazi bütövlüyünün bərpa olunması ilə bağlı, suveren hüquqlarımızla bağlı fəaliyyət göstərəcəklərini qeyd edirdilər və bunu bir məqsəd kimi müəyyənləşdirirdilər. Bu məqsədə artıq çatmışıq. Yəni bu mərhələdə yeni reallıq ondan ibarətdir ki, bu reallığın yaratdığı daha böyük, daha dərin məqsədləri üçün siyasi fəaliyyəti motivasiya edən səbəblər var. Ancaq təəssüf ki, iki partiya bundan imtina edir. İmtina etmək təbii ki, onların demokratik hüquqlarıdır, ancaq iştirak etmədiklərini izah etdikləri səbəb doğru deyil. Yəni Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait olduğu halda, siyasi sistemimizin demokratik əsaslarına kölgə salan bəyanatlar səsləndirməklə, təəssüf ki, ictimai rəyə də neqativ impulslar ötürmüş olurlar. Düşünürəm ki, bu, qətiyyən doğru deyil".

Həmidə İBRAHİMLİ