"Xalq onsuz da ağı qaradan seçir" - Deputat
"Bu partiyaların seçkiyə qatılmamasının əsas iki səbəbi ola bilər: ya partiya hansısa namizədi dəstəkləyir və seçkilərdə iştirak etməyə lüzum görmür və yaxud da öz gücünə inanmır və seçkilərdə məğlub olacağını anlayır. Bu baxımdan da seçkilərdə iştirak etməkdən əlavə bir səbəb də ola bilər ki, konkret olaraq bu siyasi qüvvəni, həmin şəxsləri, partiyanı kənardan idarə edən qüvvələr var və onların çaldığı mahnını ifa edirlər, oynayırlar. Yəni bir sözlə, müstəqil deyillər, müstəqil qərar verə bilmirlər və bu səbəbdən də onlar bu cür, yəni bir siyasi fəaliyyətlə məşğul olan təşkilat üçün ən önəmli proses olan seçkilərdən kənarda qalırlar".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyasının fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmayacağını şərh edərkən deyib.
Onun sözlərinə görə, demokratik cəmiyyətdə hakimiyyətə gəlməyi və yaxud mövcudiyyətini sübut etməyin tək və yeganə yolu seçkilərdir.
"Seçkilər əslində siyasi partiyalar üçün toy-bayramdır, bir sınaq meydanıdır. Yəni kimin gücü varsa, bu sınaq meydanında iştirak edir, bu və ya digər formada cəmiyyətə töhfə verir. Öz siyasi gücünə güc qatır və ya siyasi gücünü ən azından qoruyub saxlayır. Ancaq bəzi siyasi təşkilatlar və xüsusilə də xarici qüvvələrin təsiri altına düşən, Azərbaycanın inkişafını və tərəqqisini istəməyən və hakimiyyətə tamamilə fərqli yollarla gəlmək istəyən qüvvələr isə çox təəssüflər olsun ki, yanlış bir yolu seçiblər. Onlar siyasi iradə göstərib ya hansısa namizədi dəstəkləməli idilər və yaxud da bu sınaq meydanında öz-özlərini sınamalı idi. Ancaq açıq deyim, siyasi partiyalar haqqında yeni qanunun qəbulundan sonra 5000 nəfərlik üzvlə bağlı sayı belə toplamaqda çətinlik çəkən bu qüvvələrin mən düşünürəm ki, seçkidə də məğlub olacaqlarını anladıqları üçün bu prosesdən kənarda qalmaq yolunu seçiblər. Bu, artıq onların özləri özlərinin məhvini labüd edir. Bu baxımdan mən düşünürəm ki, həmin qüvvələrin bu seçkidə iştirak etməməsi heç nəyi dəyişməyəcək, xalq onsuz da ağı qaradan seçir və özü bilir ki, bu proseslərdə həmin qüvvələrin kənarda qalmağının səbəbi nədir", - deyə N.Həmzəyev qeyd etdi.
Həmidə İBRAHİMLİ