"Ermənistan Gürcüstana hücum edə bilər" - AÇIQLAMA

"Sülh müqaviləsinin yaxın bir ildə imzalanması çətindir".
Bunu Redaktor.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı çıxışı haqqında danışan politoloq Sədrəddin Soltan dedi.
O bildirdi ki, sülh sazişində tərəflər sülh müqaviləsinin imzalanması istiqamətlərini müəyyənləşdirirlər:
"Sülh sazişi həm də böyük mənada atəşkəs, həm də ikitərəfli çərçivə sənədidir. Azərbaycanla Ermənistan arasında ilk dəfə birgə bəyanat hərbçilərin mübadiləsi ilə bağlı olub. Əgər sülh sazişi imzalanarsa, bu, ikitərəfli ikinci bir sənəd olacaq. Çünki indiyə qədər imzalanmış bütün sənədlər, bəyanatlar üçtərəfli olub, yaxud müxtəlif təşkilatların iştirakı ilə olub. Ona görə də bu imzalanması ehtimal olunan sülh sazişi isə bu baxımdan daha əhəmiyyətli ola bilər. İkincisi, bu sazişin belə tezliklə imzalanması ehtimalı azdır. Ola bilər yanvarın əvvəlinə olsun, ola bilsin yazda olsun, amma hər halda belə tezliklə sazişin imzalanması ehtimalı mümkün deyil. Sülh müqaviləsi ilə sülh sazişi qarışdırılmasın. Çünki sülh müqaviləsi böyük şeydir. Sülh müqaviləsinin imzalanması üçün nələr olmalıdır? Azərbaycanla Ermənistan arasında dövlət sərhədi müəyyənləşməlidir, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinə hücum etməmək barəsində öz üzərlərinə öhdəlik götürməlidirlər. Sonra iqtisadi əlaqələr sahəsində, kommunikasiya xətlərinin açılması sahəsində, Azərbaycanın anklavda olan torpaqlarının Azərbaycana qaytarılması məsələləri birmənalı şəkildə həll olunmalıdır. Bu məsələ əvvəllər də müzakirə olunmuş mövzulardandır. Bu kimi çoxsaylı məsələlərlə bağlı ilin qurtarmasına cəmi iki həftə qalmış razılığa gəlmək mümkün deyil. Amma nə ola bilər? Bu istiqamətlərdə razılaşmaq mümkündür. Sülh müqaviləsi böyük bir sənəddir və iki ölkə arasında çox mühüm müqavilə sayılır. Ona görə də yaxın perspektivə sülh sazişinin imzalanması mümkünlüyündən danışa bilərik. İlin axırına qədər sülh sazişinin imzalanması isə, məncə, mümkün deyil. Yəni 2023-cü il dekabrın 31-dək bu müqavilənin imzalanması ehtimalı çox azdır. Çünki gələn ilin əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Amerikada görüşü nəzərdə tutulur. Ola bilər o görüşdən sonra hansısa ortaq məsələlər olsun. Çoxsaylı məsələlər var ki, o addımlar atılmalıdır. Bu addımlar da hələ ki, atılmır. Bu addımlar atılarsa, ardıcıl görüşlər keçirilərsə, sülh sazişi üçün, onun imzalanması üçün proses sürətlənə bilər".
Paşinyanın sülhdən və silahlanmadan danışmasına gəlincə, politoloq vurğuladı ki, Ermənistanın ordusu yoxdur.
"Yəni Ermənistan ordusu formal olaraq var. Bunu Paşinyan da əvvəlki çıxışlarında bəyan edib. Paşinyan bildirib ki, silahlı qüvvələri "beşinci kolon"dan təmizlədik. "Beşinci kolon" dedikdə isə Paşinyan daha çox Rusiyanın adamı olan hərbçilərdən təmizlədiyini nəzərdə tutur. Deməli Ermənistan ordusu yenidən formalaşır. Bundan başqa, Ermənistanda Sarkisyanın, Köçəryanın dövründə formalaşmış Ermənistan ordusu haqqında mif dağılıb. Həm mənəvi cəhətdən, həm fiziki cəhətdən, həm də hərbi texnika cəhətdən dağıdılıb. Bu ordu həm fiziki, həm mənəvi, həm də hərbi texnika cəhətdən yenidən formalaşmalıdır. Ona görə də Ermənistan yenidən silahlanır. Bu silahlanmada Ermənistanın pis niyyətlə silahlanmasına yardım edənlər də var. Məsələn, o kimdir? Fransadır. Fransanın regionda marağı bəllidir. Həm bu məsələdə qazanmaq istəyir, həm də Ermənistandan alət kimi regionda öz maraqlarının təmin olunması istiqamətində istifadə edir. İkinci bir ölkə Hindistandır. Məsələn, Hindistan ötən gün Ermənistana 600 milyon dollarlıq "Akaş" adlı hava hücumundan müdafiə sistemi tədarük edib. Hindistanın da marağı bəllidir. Çünki regionda Hindistana rəqib olan ölkələrdən biri Pakistanın mövqe və nüfuzu artmaqdadır. Hətta Ermənistan belə Pakistanla münasibətləri normallaşdırmaq istəyir. Bilirsiniz ki, Pakistan bu günə qədər Ermənistanın müstəqilliyini tanımayan yeganə dövlətdir. Ona görə Hindistan Ermənistandan alət olaraq regionda öz maraqlarını təmin etmək üçün istifadə edir. Bütün bunların hamısı hərbiləşmə, yeni ordunun formalaşması və s. nəyə xidmət edir? Heç şübhəsiz, ya Azərbaycan, ya Türkiyəyə ya da Gürcüstana qarşı hər hansı təxribat, yaxud təhdidedici addımların atılması ehtimalı ilə istifadə oluna bilər. Əvvəllər də Ermənistanı silahlandırdılar, nəticədə Ermənistan qonşu dövləti olan Azərbaycana hücum etdi, Azərbaycan ərazisini işğal etdi və sonra cavabını aldı. Ola bilər ki, gələcəkdə başqa bir erməni hakimiyyətə gələr və Gürcüstana hücum edə bilər. Yəni bu istisna deyil, gözləniləndir. Buna görə Ermənistanın həm sülhdən, həm silahlanmadan danışmasının əsas məqsədi özünü sülhsevər kimi göstərmək və eyni zamanda özünü müdafiə etmək adı ilə sürətlə silahlanmaqdır", - deyə S.Soltan bildirdi.
Humay İSGƏNDƏRLİ