Komfort Ero Ermənistan-Azərbaycan sərhədində
Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası ilə birlikdə Azərbaycanla sərhəddə patrul xidməti həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə beynəlxalq böhran qrupunun rəhbəri Komfort Ero X sosial şəbəkəsində yazıb.
“Hər iki tərəfin döyüş mövqelərinin məskunlaşma ərazilərində nə qədər yaxın olduğunu görmək heyrətamizdir. Aİ-nin Ermənistandakı missiyasının ştatını artırmaq qərarı ancaq alqışlana bilər. Kəndlilər hələ də tez-tez atəş səsləri eşidirlər, lakin son aylarda itkilərin sayı azalıb”, - deyə Komfort Ero yazıb və qeyd edib ki, əgər Bakı və İrəvan Aİ-nin müşahidəçi missiyasını cəlb etsələr, bu, insidentlərin qarşısını almağa və transsərhəd layihələr üzrə əməkdaşlığa başlamağa kömək edə bilər.
“Böhran Qrupu hər iki tərəfi dinc danışıqlara, o cümlədən sərhədin demarkasiyasına qayıtmağa çağırır. Qərb tərəfdaşlarının hadisələrin gedişatını izləmək səyləri danışıqlar üçün şərait yaratmaq baxımından mühüm vasitədir”, - Beynəlxalq Böhran Qrupunun rəhbəri bildirib.