"Biz ikitərəfli müstəvidə vasitəçilər olmadan nəticələrə nail ola bilirik" - AÇIQLAMA

 12:19 21.12.2023     249

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqların onlayn formatda davam etdiyi barədə açıqlama verib.

“Bizi 2 ay cavab verməməkdə ittiham etdilər, bəs bunun səbəbi nə idi? Təkliflərimiz hazır idi, mütəmadi olaraq görüşlər planlaşdırılırdı, lakin Azərbaycan ard-arda 4 görüşdən imtina etdiyi üçün onlar təxirə salındı. Hər görüş bu danışıqlar paketinin transferinin bir hissəsi idi. Amma indi də hesab edirəm ki, danışıqlar sülh müqaviləsinin mətninə uyğun olaraq davam edir. Bu, üzbəüz müzakirə olmasa belə danışıqlar hesab olunur”, - deyə Nikol Paşinyan bununla bağlı bildirib.

Paşinyanın çıxışı ilə bağlı Redaktor.az-a danışan politoloq İlyas Hüseynov dedi ki, Paşinyan məhz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı təkliflərin elektron formada göndərilməsini nəzərdən tutur.

"Təcrübə də göstərir ki, bunun bir nəticəsi var. Azərbaycan hər hansısa bir prosesin nəticəsinə ümid etməsə, orada iştirak etməz. Üç il ərzində, ondan qabaqkı dövrlərdə də öz prinsipial mövqeyimizi ortaya qoymuşuq. Milli maraqlarımız üçün hər hansısa bir təhdid və təhlükə görəndə bu prosesdə iştirak etmirik və ya bu prosesin bir parçası olmaq bizim üçün məqbul olmur. Məhz bu səbəbdən onlayn görüşlər, onlayn sülh müqaviləsinin mətninin mübadiləsi həyata keçirilməkdədir. Hazırda Azərbaycan öz təkliflərini hazırlayır. Baxmayaraq ki, Ermənistan bu təkliflərlə bağlı 70 günlük pauza etmişdi. İndi düşünürəm ki, biz də çox təfərrüatlı, ətraflı bir cavab təkliflərini hazırlayıb qısa zaman ərzində qarşı tərəfə təqdim edəcəyik. Çox ümid edərdik ki, bu təklifləri də Ermənistan qəbul edəcək. Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistanın Baş nazirinin aparatı arasında əldə olunmuş razılaşma da onu deməyə əsas verir ki, biz ikitərəfli müstəvidə vasitəçilər olmadan nəticələrə nail ola bilirik. Bu, ən sevindirici haldır, əldə olunan razılaşmalar və bu optimizm üzərində də sülh prosesini davam etdirmək və onun nəticələrini gözləmək lazımdır", - deyə siyasi şərhçi bildirdi.

Humay İSGƏNDƏRLİ