Xalq sevgisi ilə ucalan lider
Tarix üçün “yaddaş” və “şəxsiyyət” anlayışları bir-birindən ayrılmazdır, onlar arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Çünki tarixi proseslərdə liderin rolu, şəxsiyyətin gücü qədər o tarixin yaddaşda qorunması gələcəyin müqəddəratının müəyyənləşməsi üçün ən vacib şərtdir. Dövlətlərin və xalqların taleyüklü qərarlarının alınmasında tarixi yaddaş və şəxsiyyət vəhdəti baxımından tarixi yaddaşda qalmaq hər siyasətçiyə və liderə qismət olmur. Daha dəqiq ifadə etsək, hər kəs bir siyasi fiqur kimi özünü tarixi yaddaşa hopdura, tarix üçün həzm etdirə bilmir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi yaddaşımıza, milli kimliyimizə dönməmizi təmin edən, bütün şəxsləri və müxtəlif qrupları bir “Dəmir yumruq” altında birləşdirərək, fərd olaraq Azərbaycan vətəndaşını, cəmiyyət, xalq olaraq isə Azərbaycan xalqını dünyaya tanıtdı. Bununla da o nəinki bir şəxsiyyət olaraq tarixi yaddaşımıza öz möhrünü vurdu, həm də əbədi olaraq xalq sevgisinin dəyişməz ünvanına çevrildi.
İlham Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirdi. “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyən Prezident böyükdən kiçiyə hər kəsin doğmasına çevridır. O, xalqını, xalq da onu qorudu, ona inandı. O, bu sevgisi ilə təkcə kiçik ölkəsini böyütmədi, bu kiçik ölkənin vətəndaşlarını da ucaltdı. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz lider-xalq birliyi dayandı. Prezidentin bölgələrə səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi, problemlərini məhz onların özlərindən öyrənməsi, yerindəcə tapşırıqlar verməsi, ilk növbədə xalqa olan hörmətin sübutudur. Bu etimadın təməlində isə qarşılıqlı hörmət qərarlaşıb. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə ölkə həyatının, cəmiyyətinin müxtəlif sahələrində saysız yeniliklərə imza atıb. Bu yeniliklər siyasətdə, iqtisadiyyatda, ordu quruculuğunda, diplomatiyada, sosial sahədə, elmdə, təhsildə, mədəniyyətdə, səhiyyədə, idmanda, ailə dəyərlərinin qorunmasında, yeni infrastrukturun yaradılmasında, yolların çəkilməsində, bir sözlə, ölkənin bütün sahələrində özünü büruzə verib, inkişafa yol açıb, Azərbaycanı çiçəkləndirib, dünyanın qüdrətli, sayılıb-seçilən, sözü eşidilən, hörmət qoyulan dövlətlərindən birinə çevirib. İlham Əliyev bəlkə də Tanrıdan və taledən taclanmış insandır. O Ümummilli Lider Heydər Əliyevin, şəxsiyyəti işıqlı bir xanım akademik Zərifə Əliyevanın övladı, akademik Əziz Əliyevin nəvəsi, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ömür-gün yoldaşı, üç layiqli balanın atası və nəvələrinin babasıdır. Prezident, Ali Baş Komandan, sərkərdə, siyasətçi kimi İlham Əliyevin şah əsəri azad Qarabağ, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. O, atası Heydər Əliyevin yarımçıq qalan işlərini davam etdirməklə yanaşı, onun vəsiyyətinə əməl edən ən xoşbəxt varisdir. Tariximizə ən parlaq Qələbəni də o yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. O, ən həssas dönəmdə xalqının qarşısına çıxdı, ən sevincli xəbəri özü çatdırdı insanlara. O, 30 ildir torpaq həsrəti ilə yaşayan insanlarımızı yurdları ilə görüşə özü apardı. Bu 30 ildə bir an da olsun ümidimiz sönmədi, inanmımız tükənmədi, ona görə yox ki, məcburən tərk etdiyimiz yurda sevgi ürəyimizdə kök salmışdı. Ona görə ki, qarşımızda xalqın sevdiyi və xalqını sevən müdrik bir rəhbər, qətiyyətli bir Lider var!
Ötən 20 il bu gün bizə onu deməyə əsas verir ki, Şuşada, Xankəndidə - bütün Qarabağda Azərbaycan Bayrağını ucaldan, “Qarabağ Azərbaycandır!” formulunu dünyaya qəbul etdirən Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq, mədəniyyətimizin, elmimizin əsas hamisi olaraq xalqın yanında olacaq. Hələ qarşıda Azərbaycan adına görüləcək çox işlər var. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən və olan prezidentimizin doğum gününü də xalq ən əziz adamı kimi sevinclə yaşayaraq növbəti prezident seçkilərində də ona etmad göstərərək yeni uğurlara imza atacağına əmindir.
Fəzail İbrahimli,
Milli Məclis sədrinin müavini