Dövlətimizin adı dəyişdirilə bilərmi? - Deputat: "Hər şeyin öz vaxtı var"

 15:57 25.12.2023     337

Millət vəkili, BAXCP sədri, prezidentliyə namizədliyini irəli sürən Qüdrət Həsənquliyev partiyanın mətbuat orqanına verdiyi geniş müsahibəsində namizəd kimi proqramının bəzi hissələrini açıqlayıb.

O deyib ki, Konstitusiya islahatları nəticəsində dövlətin adını dəyişib, Şimali Azərbaycan Cümhuriyyəti adlandırılmasına nail olacaq.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Naqif Həmzəyev bildirdi ki, bu cür məsələlər referendumda öz həllini tapır.

Onun sözlərinə görə, bu məsələlər ancaq xalqın iradəsi ilə öz həllini tapa bilər:

"Növbəti prezident seçkilərində, yəni 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində bizim namizədimiz cənab prezident İlham Əliyevdir. Və mən düşünürəm ki, xalqın etimadı, xalqın səsi, cənab Prezidentə olacaqdır və xalq öz prezidentini sonuna qədər dəstəkləyəcəkdir. Bu baxımdan da, mən düşünürəm ki, bu gün bu məsələləri müzakirə etməyin mənası yoxdur. Bizim hələ görüləcək çoxlu işlərimiz var. Biz Qarabağ və Şərqi Zəngəzuru tam olaraq dirçəltməliyik. Bütün məcburi köçkünlərimizin, qaçqınlarımızın dədə-baba yurdlarına qayıtmasını təmin etməliyik. Bütün bunlarla yanaşı, Azərbaycan xalqının sosial rifahını daha da yaxşılaşdırmalıyıq. 

Düşünürəm ki, bu məsələləri müzakirə etmək üçün hələ tezdir. Qətiyyən tələsmək, Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə xələl gətirə biləcək məsələləri ümumiyyətlə gündəmə gətirmək, fikrimcə düzgün olmazdı. Hər şeyin öz vaxtı var. Zamanı gələndə, vaxtı gələndə cənab Prezident İlham Əliyev nəyi necə, nə vaxt edəcəyini bilir. Ona görə də biz sonuna qədər cənab Prezident İlham Əliyevə inanırıq və onun verəcəyi bütün tapşırıqlar, qərarları da yerinə yetirmək üçün hər an tapşırıq gözləyirik".

Həmidə İBRAHİMLİ