"İran ərazisində Azərbaycana qarşı fəaliyyət göstərən ünsürlər hələ də öz işlərindədir"
İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Naser Kənani deyib ki, tezliklə Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsinin şahidi olacağıq.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi ki, Naser Kənaninin Azərbaycanın Tehrandakı səfirliyinin açılması ilə bağlı verdiyi bəyanat Azərbaycan ictimaiyyəti üçün məqbul sayıla bilməz, yaxud etibarlı mənbə sayıla bilməz.
Onun sözlərinə görə, İran rəsmiləri, KİV-ləri Azərbaycanla bağlı o qədər yanlış, yalan, saxta informasiyalar yayıblar ki, onlar Azərbaycan üçün etibarlı mənbə sayılmır:
"İkinci tərəfdən əgər belə bir məsələ varsa, tutaq ki, səfirliyin açılması ilə bağlı yol xəritəsi hazırlanır və ya yaxın zamanlarda səfirliyin açılacağı gözlənilirsə, onda Azərbaycan Xarici İşlər Nazirliyi niyə uyğun bəyanat vermir? Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti niyə bu məsələyə münasibət bildirmir? Azərbaycan Xarici İşlər Nazirliyi ilə görüşlər keçirilirsə, yaxud Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələdə hansısa formada məlumatlıdırsa, mətbuat xidməti niyə ictimaiyyətə açıqlama vermir? Bu baxımdan Azərbaycan tərəfi, Azərbaycan ictimaiyyətinin kütləvi informasiya vasitələri üçün ən etibarlı mənbə Xarici İşlər Nazirliyinin mətbuat xidmətidir".
S.Soltan hesab edir ki, Naser Kənaninin dediyi məlumat diplomatik nəzakət xatirinə deyilmiş fikirlərdir.
"Digər tərəfdən, Azərbaycanın Tehrandakı səfirliyinə hücum etmiş şəxsə qarşı məhkəmə hökmü çıxarılmayıb. Bununla bağlı bir neçə ay öncə məlumat verdilər ki, guya prokuror ona ömürlük iş istəyib. İş də məhkəməyə gedib. İndiyə qədər bu işin gedişatı ilə bağlı heç bir məlumat yoxdur. Digər tərəfdən, İran tərəfi bu hadisəni hələ də məişət səviyyəsində bir hadisə olaraq qiymətləndirib. O biri tərəfdən İran Ermənistandan hələ də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməkdədir. İran ərazisindən Hindistanın göndərdiyi silahlar Ermənistana gətirilir, hava hücumundan müdafiə sistemləri gətirilir və s. Hindistan-İran-Ermənistan Şimal Cənub dəhlizi deyilən bir qondarma bir layihənin reallaşmasını həyata keçirməyə çalışırlar. Bu layihə Azərbaycandan keçən Şimal-Cənub yol nəqliyyat dəhlizinə uyğundur. Başqa bir tərəfdən rəqib kimi çıxarılır. Digər tərəfdən İran ərazisində Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr, ünsürlər hələ də öz işlərindədir. Yəni Azərbaycanın İran qarşısında qaldırdığı şərtlər, tələblər bu günə qədər həll olunmayıb. Ona görə yaxın günlərdə səfirliyin açılacağını ehtimal etmirəm", - deyə politoloq bildirdi.
Həmidə İBRAHİMLİ