"İlham Əliyev Paşinyanı başa salmağa çalışdı ki..."
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, onlar sülh prosesini irəli aparır.
"Azərbaycan tərəfdən də analoji yanaşma var. Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması üçün addımlar atır. İrəvanla Bakı arasında razılaşma mümkündür”,- deyə Simonyan əlavə edib.
Ermənistan parlamenti sədrinin fikirləri haqqında Redaktor.az-a danışan politoloq Fikrət Sadıxov söylədi ki, bizim mövqeyimizlə Simonyanın optimist ifadələri üst üstə düşür:
"Biz Simonyandan əvvəl demişdik ki, biz tərəfdən heç bir maneələr, problemlər törədilmir. Sülh sazişi ilə bağlı biz müsbət danışmışıq, hətta ilin axırına qədər imza atacağımızı bildirmişik. Amma Ermənistan buna getsə və heç bir maneə törətməsə. Simonyanın bu çox optimist bəyanatının fonunda nələr dayanır? Zəngəzur dəhlizi açılmır. Müxtəlif tələblər, şərtlər qoyulur ki, ermənilərin orada gömrük postları, sərhəd qoşunları yerləşdirilməlidir. Digər tərəfdən ermənilərin Qarabağa qayıtması ilə bağlı sazişə bir maddə kimi bənd əlavə etmək istəyirlər. Yəni onlar hamısı Azərbaycana qarşı və sülh sazişinin imzalanmasına maneçilik edən problemlərdir. Biz tərəfdən problemlər yoxdur, hətta düzəlişlərinə cavab verərək öz təkliflərimizi vermişik. Təkliflər indi onlardadır. Başa düşməlidirlər ki, biz sülhün tərəfdarıyıq, bizim heç bir dövlətə qarşı ərazi iddialarımız yoxdur. Ona görə hər şey Ermənistandan asılıdır. Mən düşünürəm ki, ötən gün olan Sankt-Peterburq sammitində müəyyən məsələlər də əlavə müzakirə olunub. Bizim dövlət başçımız və Ermənistan Baş naziri arasında ola bilsin ki, uzunmüddətli bir müzakirə olmayıb. Amma çox güman ki, Azərbaycan Prezidenti bir sıra məqamlara aydınlıq gətirib və Paşinyanı başa salmağa çalışdı ki, bax, bu məsələlərin həlli ilə bağlı Azərbaycan və Ermənistan irəliləməlidir".
Fikrət Sadıxov vurğuladı ki, separatçı rejimi İrəvanda yenidən özünü guya bərpa edir və müxtəlif bəyanatlar səsləndirir:
"Amma bu, rəsmi İrəvanın özünü də qıcıqlandıran bir məqamdır. Onlar da bundan narazıdır? Çünki bir sıra rəsmilər çıxış edib və bildiriblər ki, Ermənistanda iki hakimiyyət ola bilməz, bir hakimiyyət var. Yəni başa düşürlər ki, bu qüvvə hansısa bir xarici dairələr tərəfindən idarə olunur, Paşinyana qarşı yönələn bir qüvvədir. Düşünürəm ki, elə bunların arasında da bu qalmaqal hələ səngiməyib. Amma çox güman ki, gələn ildə bir sıra məsələlər həll olunsun".
Humay İSGƏNDƏRLİ