İlham Əliyevin üzündə "mən işi çözmüşəm" mesajını verən bir ifadə var, Paşinyanda isə... - Bədən dili üzrə mütəxəssis
Xəbər verdiyimiz kimi ötən gün, Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.
Söhbət zamanı çəkilən foto sosial şəbəkələrdə geniş paylaşılıb, müzakirə olunub. Daha bir fotoda da İlham Əliyevlə Paşinyan üst geyimlərində danışır.
Bədən dili üzrə mütəxəssis Babək Bayramov fotolarla bağlı Redaktor.az-a danışdı.
O söylədi ki, qarşı-qarşıya söhbət zamanı çəkilən fotoda İlham Əliyev şəstlə dayanmış bir vəziyyətdədir və əllərini açıb:
"Əllərini açmağı mənim içimdə nə varsa üzdədir deməkdir. Salam verərkən insan əlinin açılmağı və danışarkən burada nə var ki, əllərini açaraq göstərməsi onu göstərir. Bu tamamilə şüuraltı verilən bir reaksiyadır. Mən tam olaraq səmimiyəm və içimdə olanı da üzə vururam deməkdir. Paşinyana baxanda mənzərə dəyişir. Sağ əlini arxasına kürək tərəfinə gətirib. Adətən insan əlini ora niyə gətirir? Kürəyində yüngülvari bir sızıltı, ağrı bir şey hiss olunarsa gətirir. Şərt deyil ki, ağrı baş versin. Bu psixoloji bir ağrıdır. Şüuraltı olaraq verilən bir mesajdır ki, sanki üstümdə böyük yük var, bir ağırlıq var. Digər əli ilə də özünə dəstək verməsi, yüngülvari qabağa əyilməsi də bunu göstərir. Üzündəki gərginliyi daha rahatlıqla hiss edə bilirik. Baxışlarına diqqət etsək hiss olunur ki, gözlərin bərəldərək qarşı tərəfə baxır. Yəni cənab Prezidentə baxır. İçində bir az panika var. Bir söz deyəcək və bu mənə çox pis təsir edəcək anlamı sezilir. Yəni neqativ bir mesaj gözləntisi içərisindədir".
Babək Bayramov bildirdi ki, digər fotoda isə cənab prezidentin yenə duruşu, üzündəki ifadə və başının hərəkətləri, gülüşü, əllərin sallanmağı adətən insanın içində boşluq və rahatlıq olduğunu bildirir:
"Üzündə "mən işi çözmüşəm" mesajını verən bir ifadə var. Yəni "bu anda o qədər də böyük bir məsələ yoxdur" şəklində verilən bir ifadədir. Paşinyana gəldikdə isə başını aşağı əyməsi, çiyinlərini əyməsi, ümumiyyətlə çox zaman çiyinlərini əyərək danışır, bu özgüvən əskikliyi və dəyərsizlik hisslərinin olduğunu göstərir. Bu vəziyyətdə olan insanlar hansı mövqeyə çatırlarsa çatsınlar, davamlı olaraq kənardan dəstək olmasa, hərəkət etməyə, qərar verməyə çətinlik çəkərlər. Bir ana qayğısına daim ehtiyacları var. Eyni zamanda Paşinyana diqqət edirsinizsə, buradakı ifadə donuq ifadədir. Rəngi kül rəngində, başını aşağı salıb və əllərini də qarşıda birləşdirərək barmaqlarını tutub. Bu isə günahkarlıq duyğularıdır və çarəsizliyi ifadə edir. Üzünün rəngi və donuqluğu isə daha çox çarəsizlik və çıxılmaz vəziyyəti ifadə edən anlamı verir. Yəni belə bir mesajı verir ki, hazırda beyin qarışıqlığı yaşayır. Üzündə konkret qətiyyət ifadə edən bir ifadə yoxdur, qarışıqlığı göstərən bir ifadə var. Verilən mesaj budur ki, mənim bir çox suallara cavabım yoxdur və hazırda neynəyəcəyimi bilmirəm".
Humay İSGƏNDƏRLİ