Azərbaycan Fransanı MAT ETDİ

 18:01 27.12.2023     548

Xəbər verdiyimiz kimi, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. 

Məlumata görə, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Eyni zamanda, mediada yayılan məlumatda qeyd olunur ki, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, dünyada bu dəqiqə əsas mübarizədən biri kəşfiyyat mübarizəsidir.

Onun sözlərinə görə, kəşfiyyat məlumatlarının ötürülməsi prosesi gedir.

"Əlbəttə ki, Ermənistan birbaşa Azərbaycan içində bu kəşfiyyat məlumatlarını istədiyi formada apara bilmir. O da görünür ki, Fransanın əli ilə aparmağa çalışır. Həm də Fransanın özü bəzi qüvvələr olur ki, onlarla pərdə arxasından gizli formada əməkdaşlıq edir. Məsələn, deyək ki, Fransanın Azərbaycana tutduğu mövqeyə qarşı Azərbaycan dövləti hər hansı bir mövqe sərgiləyəndə, onu həmin qüvvələrin əli ilə sıxışdırsın və öz məqsədlərinə doğru yönəltsin. Yəni, görünür, bu addımı atmağa çalışırlar. Mən düşünürəm ki, Azərbaycan dövləti tərəfindən Fransaya verilən nota və fransız diplomatlarının ölkədən qovulması Azərbaycan dövlətinin atdığı ən doğru addımlardan biridir. Çünki baxmayaraq ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir, Fransa nüvə dövlətidir, Fransa Avropa İttifaqının aparıcı dövlətlərdən biridir, amma hər bir dövlətin beynəlxalq hüquqla təsbit olunmuş, özünün suverenlik hüququ var və dünyada hər bir dövlət bərabərdir.

Ona görə də biz əgər bu gün Fransaya o notanı verməsək, biz Fransanı sıxışdırmasaq, o gələcəkdə daha belə aqressiv şəkildə addımlar ata bilər ki, bu da təbii ki, bizim üçün, ümumilikdə, ölkəmiz üçün heç də xeyirli olmaya bilər. Mən hesab edirəm ki, Azərbaycan dövlətinin bu məsələdə tutduğu mövqe prinsipial mövqedir, doğru mövqedir və atılan addımlar birbaşa ölkənin təhlükəsizliyini təmin etməyə hesablanır. Yəni aydın məsələdir ki, Fransa azərbaycanlıların, Azərbaycan dövlətinin tərəfini tutmayacaq və maksimum dərəcədə çalışacaq ki, Azərbaycana qarşı öz çirkin niyyətlərindən istifadə eləsin. O baxımdan düşünürəm ki, bizim dövlət olaraq atdığımız addımlar doğru addımlardır və bu cür addımlar ölkənin gələcək təhlükəsizliyinin əsas təminatından biri hesab olunur", - deyə S.Hümbətov bildirdi.

Həmidə İBRAHİMLİ