Qərbin Ukraynaya dəstəyi azalır - Paşinyan buna görə Sankt-Peterburqa gedibmiş...

 16:38 28.12.2023     492

"Bir sıra mənbələrlə tanış olanda görürük ki, artıq Rusiya-Ukrayna müharibəsi istiqamətində Qərbin dəstəyi azalmaqdadır. Bunun bir sıra səbəbləri var. Qərb həm də anlayır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar o qədər də effektini vermir. Rusiya sanksiyalardan yayınmaq yollarını tapır və bu axtarışları ciddi surətdə həyata keçirməkdədir. Rusiya özü üçün tərəfdaşlar formalaşdırır. Baxmayaraq ki, neft, qaz əməliyyatları ilə bağlı Avropaya satışda kəskin fərqlər vardır. Məsələn, ötən illə müqayisədə 40 faiz neft-qaz satışları bu gün təkrəqəmli formada ifadə olunur. Bu kimi bir sıra məsələlər əlbəttə ki, Rusiyanın əleyhinə işləməkdədir. Amma Rusiya ayaqda qala bilir".

Bu sözləri Redaktor.az-a açıqlmasında politoloq İlyas Hüseynov Rusiya-Ukrayna müharibəsində Qərbin və ABŞ-ın Ukraynaya dəstəyinin azalmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq Qərbin istədiyi planlar həyata keçirilmir:

"Rusiya həm də Ukraynada əldə etdiyi mövqelərdən geri çəkilmir və geniş anlamda vəd olunan Ukraynanın əks-hücum əməliyyatları öz nəticəsini vermir. Artıq bəzi siyasətçilər qeyd edirlər ki, Ukrayna reallıqları qəbul etməlidir. Bu, o anlama gəlir ki, "Ukrayna ərazilərinin itirilməsi ilə barışmalıdır" fikrini təşviq edirlər. Ukrayna əlbəttə ki, bununla barışmayacaqdır. Ukrayna Avropa İttifaqından, ABŞ-dan da əlavə kreditləri, əlavə hərbi yardımları, maliyyə vəsaitlərini təmin etməyə çalışacaq. Belə bir siyasi mübarizə də özünü göstərməkdədir. Rusiya tərəfinin son açıqlamasına da baxanda görürük ki, XİN sözçüsü Zaxarova belə bir fikir söylədi ki, hələ ən azı bir il bu müharibə davam edəcək. Yəni ona eyham vurur ki, Demokratlar, yəni Bayden Administrasiyası bir ildə bu müharibənin müddətini uzadacaq və Ukraynaya yardım göstərəcək. Seçkilər dövrünə qədər etməyə çalışacaq. Bildiyimiz kimi, noyabrda Amerika Birləşmiş Ştatlarında növbəti prezident seçkiləri olacaq. Yəni bunu daxili auditoriyada izah etmək lazımdır və respublikaçılar da bundan məharətlə istifadə edərək Trampın dəyişdirilməsinə çalışacaqlar".

Politoloq onu da qeyd etdi ki, çox çətin bir geopolitik, qlobal səviyyədə də mübarizə gedir.

"Bu özünü həm də postsovet məkanına proyeksiya edir, müəyyən tez-tez geosiyasi dəngələr dəyişir, tarazlıq pozulur. Hətta biz gördük ki, Nikol Paşinyanın özü də artıq Rusiya-Ukrayna müharibəsinin bu və digər təsiri nəticəsində Sankt-Peterburqda MDB dövlətinin başçılarının sammitinə getdi. Bəli, bunu da Paşinyan bu cür izah edir ki, Avrasiya İqtisadi Birliyi iqtisadi platformadır, Ermənistan buna sədrlik edəcək, Ermənistan üçün bunun iqtisadi faydaları vardır. Amma biz yaxşı anlayırıq ki, həm də Qərbin Ukraynaya dəstəyinin azalması fonunda bütün bunlar baş verir. Yəni böyük bir mənzərə qarşımızdadır. 2024-cü ildə bu bu proses zənn edirəm ki, davam edəcəkdir. Amma fakt faktlığında qalır ki, get-gedə Ukraynaya olan dəstək azalmaqdadır. Qərbin siyasi, geosiyasi, təhlükəsizlik çətiri altına keçmək istəyən dövlətlər də yenidən düşünür, daşınır və öz gələcək fəaliyyətlərində bütün bu amilləri nəzərə alır", - deyə İlyas Hüseynov bildirdi.

Həmidə İBRAHİMLİ