"Ermənistanın Təbrizdə konsulluq açması çoxvektorlu mesajdır"
Xəbər verdiyimiz kimi, ötən gün İrəvanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın Baş naziri Nikol Paşinyanla və XİN başçısı Ararat Mirzoyanla görüşüb.
Abdullahianın səfəri və Ermənistanın Təbrizdə baş konsulluq açması haqqında Redaktor.az-a danışan politoloq Tural Əliyev dedi ki, İran daha çox "3+3" formatının tərəfdarıdır ki, regiondan kənar qüvvələrin qarşısını alsın. Onun sözlərinə görə, İran istəyir ki, Ermənistan-Azərbaycan məsələsi region ölkələri arasında həll edilsin:
"İran bu gün də Zəngəzur dəhlizinin Ermənistan ərazisinə keçməyinə razılıq vermir. Özünün milli maraqlarına təhdid görür. Bu baxımdan İran-Ermənistan əlaqələri hər zaman yaxşı olub. Amma xüsusən də İkinci Qarabağ müharibəsindən sonra İran daha da aktivləşməyə başladı və Ermənistana mütəmadi səfərlər edir. Hətta Qafanda konsulluq açdı. Bu baxımdan İran çalışır ki, Ermənistana səfərlər etməklə Ermənistanı daim təzyiq altında saxlasın ki, birdən Ermənistan kommunikasiyalarla bağlı qərar verər. Bu qərara əsasən Azərbaycanın qərb rayonlarıyla Naxçıvanı birləşdirəcək yol açılar, İran yenə də bu layihədən kənarda qalar. Çünki Azərbaycan İran üzərindən Zəngəzur dəhlizinin işləməsinə razılıq verib. Amma Azərbaycan hələ Naxçıvandan birləşdiriləcək quru yoldan imtina etməyib. Hələ də regional kommunikasiyaların açılması məsələ gündəmdədir".
Politoloq söylədi ki, Ermənistanın Təbrizdə konsulluq açması ilk belə hadisə deyil:
"Qafanda konsulluq açılanda avtomatik olaraq Təbrizdə Ermənistanın konsulluq açması məsələsi gündəmə gəlir. Təbriz həssas bir şəhərdir. Xüsusən də azərbaycanlılar üçün. Hələ də Ermənistan-Azərbaycan arasında problemli məsələ qaldıqca Təbrizdə konsulluq açılması düzgün seçim deyil. Yəni İranın başqa şəhərində də aça bilər. Məhz Təbrizdə açması birbaşa olaraq çoxvektorlu mesajdır. Çünki Təbriz qədim Azərbaycan şəhəridir və oradakı əhalinin əksər hissəsi azərbaycanlılardır".
Humay İSGƏNDƏRLİ