"Sülhməramlıların Azərbaycanda qalmasına heç bir ehtiyac yoxdur" - Diplomat

 13:11 30.12.2023     485

Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub.

O qeyd edib ki, tərəflər arasında üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb.

Bəs, sülhməramlılar vaxtından əvvəl bölgəni tərk edə bilərlərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan diplomat, politoloq Fikrət Sadıxov qeyd etdi ki, onların burada funksiyaları sona yetib.

"Onların demək olar ki, fəaliyyətinə biz Azərbaycan olaraq son qoyduq. Onlar vaxtilə bura guya erməniləri müdafiə etmək üçün gəlmişdi və yaxud rəsmi ehtimala görə, Azərbaycanla Ermənistan arasında guya təhlükəsizlik zonasının yaranması məqsədi daşıyırdı. İndi bu məsələ həll olunub. Artıq orada bütün ərazilərə, o cümlədən Xankəndi və ətraf kəndlərinə Azərbaycan nəzarət edir. Biz bayrağımızı sancmışıq. Camaatımız ora qayıdır. İndi orada tək-tük erməni qalıbsa, onlar üçün Azərbaycan tərəfindən heç bir təhlükə yaranmır. Mənə elə gəlir ki, onların orada qalıb-qalmaması məsələsi heç sual altında olmamalıdır. Çünki onlar nə etməlidirlər? Onlar artıq postlarını da yığışdırırlar. Mən güman edirəm ki, belə getsə, 2024-cü ildə biz hər halda məsələni qaldıraraq onların bizim ərazimizdən çıxmasına nail ola bilərik. Çünki əgər bütün məsələlər həll olunubsa, onların burada qalmasına heç bir ehtiyac yoxdur", - deyə diplomat bildirdi.

Həmidə İBRAHİMLİ