Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək İSTƏMİRLƏR

 16:00 01.01.2024     360

Prezident İlham Əliyev Yeni il təbrikində keçmiş köçkünlərin 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə qayıdacağını söyləyərkən Kərkicahan, Malıbəyli, Turşsu kəndləri və Xocalı qəsəbəsi ilə yanaşı, Xankəndinin də adını çəkib.

“İl ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar” deyən dövlət başçısı bu prosesin sürətlənəcəyini vurğulayıb.

Redaktor.az xəbər verir ki. siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, Xankəndinin məskunlaşdırılması o deməkdir ki, rəsmi Bakı ermənilərin Qarabağa qayıdışını gözləyən deyil.

“Aydın oldu ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Deməli qayıtmayacaqlar. Belə olan halda keçmiş köçkünlərin Xankəndiyə köçürülməsi ilə yanaşı, şəhərin tamamilə məskunlaşdırılması siyasətinə də üstünlük veriləcək. Eyni məntiqlə Hadrutun da məskunlaşdırılması barədə qərar verilməsi mümkündür”, - E.Şahinoğlu bildirib.

Siyasi şərhçi Ermənistanın Baş naziri Nikol Paşinyanın da Yeni il təbrikinə münasibə bildirib.

Onun sözlərinə görə, Paşinyanın sözlərindən iki nəticə çıxarmaq olar:

“Birincisi, Paşinyan Qarabağı itirdiyinə görə ermənilərdən üzr istəyib. İkincisi, Paşinyan Qarabağı itirməklə Ermənistanı qoruduğuna diqqət çəkib. Başqa sözlə, Paşinyan demək istəyib ki, Qarabağ uğrunda mübarizə aparsaydı Ermənistanı itirəcəkdi. Burada həqiqət var, Paşinyan 19 sentyabrda Azərbaycan ordusunun Qarabağdakı antiterror əməliyyatına müdaxilə etsəydi, ən azı Qərbi Zəngəzuru itirəcəkdi. Ona görə də Paşinyan təbrikində “dövlətimizi nəsillərə miras qoymağa imkan verəcək yeganə mümkün yolla gedirik” cümləsini işlədib. Paşinyanın sonrakı cümləsi də maraqlıdır. “Bu yolun böyük hissəsini keçmişik” deyən Baş nazir yolun qalan hissəsi üçün vacib qərarlar verə biləcəyinə eyham vurub. Vacib qərar Paşinyanın Prezident İlham Əliyevlə sülh sazişi imzalaması olacaq. Bu, iki ölkə arasında bütün problemləri həll etməsə də, ən azı növbəti müharibə ehtimalını aradan qaldıracaq. Belə şəraitdə sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiya xətlərinin açılması mövzularını sakit şəraitdə müzakirə etmək olar”.