"Həmin ərazidə Ermənistan 5-6 kilometr neytral bölgə saxlamalıdır"

 16:33 07.01.2024     759

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib ki, biz Ermənistan ərazisi ilə daşımaları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə təhlükə kimi görmürük:

"Çünki Azərbaycandan Naxçıvana - Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir".

Eyni zamanda o qeyd edib ki, biz Azərbaycan yüklərini və sərnişinlərini Ermənistanın hüquq-mühafizə orqanlarının rəhminə buraxa bilmərik.

Hikmət Hacıyevin çıxışını Redaktor.az-a şərh edən politoloq Samir Hümbətov bildirdi ki, Azərbaycan-Naxçıvan arasında keçəcək kommunikasiya xəttinin İran-Ermənistan arasında baş tutacaq kommunikasiya xəttilə hər hansı bir problemi yoxdur:

"Müasir dövrdür. Tunellər də çəkilə bilər. Yəni, məsələn, biz bu prosesi üstündən aparırıqsa, onu kəsişmədən, bir-birinə mane olmadan o xətləri keçirmək olar. Dəmir yolu xəttinin də, maşın yol xəttini də keçirmək olar. Yəni bunun əslində nə Ermənistan-İran nəqliyyat əlaqələrinə, nə də Azərbaycan-Naxçıvan əlaqələrinə problemi yaranmır. Qaldı ki, Azərbaycanın Ermənistana etibar edib-etməməsi məsələsinə, burada məncə, Hikmət Hacıyev haqlıdır. Yəni biz necə tam rahat şəkildə deyə bilərik ki, Ermənistan təhlükəsizlik xidməti bizim oradan Naxçıvana gedəcək yüklərimizdə bir problem yaratmayacaq və yaxud da onu qoruya biləcək? Məsələ bundan ibarətdir. Yəni biz tam güvən almalıyıq. Güvən almaq üçün məncə, konkret həmin hissədə bizə problem yaratmamalıdır. Bizim hərbçilər qorumalıdır, yaxud da ki, həmin ərazidə Ermənistan 5 kilometr, 6 kilometr neytral bölgə saxlamalıdır. Ora ümumiyyətlə yaxın düşməməlidir. Və oradan bizim yüklər daha sərbəst getməlidir. Çünki əgər biz buraxsaq ki, Ermənistan tərəfi qorusun, onlar hər bir prosesi həyata keçirə bilərlər".

Politoloq onu da qeyd etdi ki, ermənilər hər cür əmələ əl ata bilərlər.

"Ona görə də etibar etmək söhbəti bir az çətindir. Buradan təkcə bizim yüklər getməyəcək ki, insanlar da gedəcək. Təsəvvür edin bu yanda qatar getdiyi yerdə 2000 adamı girov saxladılar. Onda vəziyyət nə olacaq? Yəni bunun arxasını fikirləşmək lazımdır. Ya Azərbaycan açıq şəkildə müharibə eləməlidir ki, bu da böyük bir müharibəyə səbəb ola bilər. Onda gərək Azərbaycan bizim əhalini qurtarmaq üçün həmin əraziyə girə. O da artıq Ermənistan ərazisinə girmək deməkdir. Onda Rusiya ilə də qarşıdurma olmalıdır. Yəni bu proses çox uzana bilər, böyük bir problem yarada bilər. Yaxud da ki, Ermənistan yarım kilometr, 1 kilometr tampon bölgə saxlamalıdır, ora ermənilər girməməlidir. Boş buraxmalıdır. Həmin ərazidən Azərbaycan yüklərinin, nəqliyyat vasitələrinin hərəkətinə şərait yaratmalıdır. Başqa variant, alternativ yoxdur. Eyni prosesi Ermənistan da yeraltı tunel vasitəsilə keçirə bilər, İranla əlaqəni davam etdirə bilər. Orada bir problem yoxdur. Önəmli olan odur ki, kompromisi əldə etmək mümkün olsun. Azərbaycanın istəyi bundan ibarətdir", - deyə S.Hümbətov bildirdi.

Həmidə İBRAHİMLİ