"Anklavların geri alınması üçün addımlar atacağıq" - AÇIQLAMA
"Cənab Prezident dünən də qeyd etdi, anklavlar məsələsi bizim üçün çox önəmlidir və bu məsələdə hansısa bir güzəştdən söhbət gedə bilməz. Yəni birmənalı olaraq anklavların geri alınması üçün addımlar atacağıq".
Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin dünən yerli kanallara verdiyi müsahibə zamanı anklavlardan danışmasını şərh edərkən deyib.
Deputat qeyd etdi ki, bu gün danışıqlarda da ən çox müzakirə olunan məsələ budur:
"Bildiyiniz kimi, Prezident də qeyd etdi ki, bu ayın axırında keçiriləcək müzakirədə də bu məsələ ilə bağlı fikir mübadiləsinin aparılması və Azərbaycanın mövqeyinin növbəti dəfə qarşı tərəfə çatdırılması nəzərdə tutulur. Ona görə biz çalışırıq ki, bu anklavları danışıq yolu ilə və Ermənistan tərəfinə öz münasibətimizi bildirərək çatdıraq və məqsədimizə nail olaq. Əgər Ermənistan bunu etməzsə, əlbəttə, Azərbaycanın tam hüququ var ki, beynəlxalq hüquqa əsasən digər addımları da nəzərdən keçirsin. Amma biz daha çox istəyərdik ki, bu məsələdə Ermənistan Azərbaycan üçün bunun nə qədər önəmli olduğunu anlasın və özü bu məsələyə həssaslıq göstərsin və bizə qaytarılsın. Qeyd etdiyim kimi, baş verməzsə, biz beynəlxalq hüquqa əsasən digər addımların atılmasını nəzərdən keçirəcəyik və bu anklavların geri qaytarılmasının da bizim üçün çox önəmli məsələ olduğunu Ermənistan anlamalıdır. Yəni bu ərazilər bizim ərazilərimizdir. Bu ərazilər bizə mütləq qaytarılmalıdır".
Həmidə İBRAHİMLİ