"Elm strukturlarını Elm və Təhsil Nazirliyinə birləşdirmək uğurlu nəticə vermədi" - Fazil Mustafa

 08:51 12.01.2024     802

"Bu istiqamətdə təbii ki, hansı proqnozların olduğunu söyləmək çətindir. Çünki hələ seçki marafonu başa çatandan sonra fikir söyləmək olar. Təbii ki, müəyyən dəyişikliklərin olması zəruridir. Xüsusilə kadr islahatlarının aparılması vacibdir".

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Fazil Mustafa 7 fevral prezident seçkilərindən sonra hökumətdə hansısa kadr dəyişikliyinin olub-olmayacağı sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bizdə bir sıra sahələrdə effektli olmayan məsələlər də var:

"Ya faydalı olan müəyyən dərəcədə sahəvi, uğurlu quruluşlar da var. Ona görə də bunların təsnifatını doğru aparmaq lazımdır. Birləşdirmə nəyə xeyir edə bilər, nəyə ziyan edə bilər, bunu da ölçüb-biçmək lazımdır. Çünki biz gördük ki, məsələn, elm strukturlarını Elm və Təhsil Nazirliyinə birləşdirmək o qədər uğurlu nəticə vermədi. Çünki hələ də elmin inkişafı ilə bağlı normal konsepsiya ortaya qoyulmadı. Yəni o baxımdan da, bu kimi birləşmələri ciddi təhlil etmək lazımdır. Mən indidən bunun faydalı olduğunu düşünmürəm və hər halda bu məsələlər geniş müzakirə olunmalıdır. Ölkə prezidenti də açıqca bildirdi ki, bir sıra məsələlərdə diskussiya mühitini yaratmaq lazımdır ki, nəyin faydalı olduğunu cəmiyyətdən gələn ideyalar ortaya qoysun. Hesab edirəm ki, bu istiqamətdə əslində işi gücləndirmiş olsaq, onda doğru ideaları da tapa biləcəyik".

Həmidə İBRAHİMLİ