Qlobal və milli seçki mühiti zəminində Zahid Orucun prezidentliyə namizədliyinin dəyərləndirilməsi

 13:56 12.01.2024     318

“Dövlət olduqca həssas bir təsisatdır və dövlət adamlarının öz etik yanaşmalarına görə bu təsisatın varlığını riskə atmağa mənəvi haqları yoxdur” dünya siyasətinin qurucularından olan, ötən il dünyasını dəyişən Amerika siyasətçisi Henri Kissincer belə deyirdi. Amerika Birləşmiş Ştatları bütün dünyaya demokratik dəyərlərini diktə etsə də maraqlıdır ki, keçmiş ABŞ prezidenti Donald Tramp 2020-ci ildə təkrar seçki marafonuna qoşularkən belə deyirdi: “Əgər siz leqal səsləri saysanız, mən asanlıqla qalib gələrəm. Əgər siz qeyri-leqal səsləri saysanız, o zaman onların seçki nəticələrini bizdən oğurlamağa çalışdığını görə bilərsiniz.” Göründüyü kimi azad seçki etikası və demokratik dəyərlərin öndəri hesab edilən bir ölkənin prezidenti seçkilərin saxtalaşdırılmasından danışırdı. 2024-cü ildə dünyanın bir çox ölkələrində seçki yarışları baş tutacaq və bunlardan biri də ABŞ-dır. Qəribə haldır ki, Azərbaycanda seçki mühiti ilə bağlı tənqidi mövqedə olanlar, ABŞ-da Trampın prezident seçkiləri yarışından qeyri-qanuni şəkildə diskvalifikasiya edildiyini xatırlatmaq istəmirlər. Onu da qeyd edək ki, ABŞ-da indiyədək elə bir prezident seçkisi olmamışdır ki, orada iki əsas partiyanın (demokratlar və respublikaçılar) əsas namizədlərindən başqasının seçkini qazanmaq şansı olsun. Maraqlıdır ki, ABŞ-da rəsmi olaraq qeydiyyatdan keçən 400-dən çox siyasi partiya olsa da, indiyədək seçkilərdə həmişə iki əsas partiyadan və onların əsas namizədlərindən biri qalib olub. Digər partiyaların, hətta bir partiyanın bir neçə namizədi isə Azərbaycan müxalifətinin dili ilə desək “vitrin doldurmaq” üçün irəli çıxarılıb, lakin əslində siyasi koalisiya təşkili üçün namizədlikləri irəli sürülüb. Bu, ABŞ yaxud  dünya təcrübəsi olub seçkilərin təbii xarakterik xüsusiyyətlərindəndir.

Bəs ABŞ başda olmaqla dünyanın 70-dən çox ölkəsini 2024-cü ildə mühüm seçkilərə getməyə vadar edən nədir?! Qlobal siyasi texnoloqlar 2025-ci ildə dünyada ciddi əhəmiyyətli siyasi-iqtisadi dəyişikliklər gözlənildiyini bəyan edirlər. 1815, 1918, 1945, 1991-ci illərin hər biri dünya nizamının reformasiyaya məruz qaldığı, yeni siyasi-iqtisadi, hüquqi münasibətlər sisteminin təzahür etdiyi illər olaraq beynəlxalq münasibətlərin tarixi-istinad nöqtələridir. Yeni dünya nizamının yaranmasına 1815-ci ildə bütün Avropanı istila edən Napaleonun məğlubiyyəti, 1918-ci ildə I Dünya Müharibəsində “Üçlər İttifaqı”nın, 1945-ci ildə II Dünya müharibəsində “Məhvər dövlətləri”nin, 1991-ci ildə Soyuq müharibədə Sovet İttifaqının məğlubiyyəti səbəb olmuşdu. 2025-ci ildə isə yeni dünya nizamının formalaşmasına Ukraynadakı müharibə fonunda ABŞ başda olmaqla Qərbə və onun yaratdığı təkqütblü dünya düzəninə meydan oxuyan güclərin qalibiyyəti, yaxud məğlubiyyəti, yaxud tamamilə yeni bir qlobal formasiyanın yaranması səbəb olacaqdır. Maraqlıdır ki, ABŞ hərbi yardımlarını durdurarsa müharibədə qalib gəlmək üçün heç bir alternativ, “B” planı olmadığını etiraf edən Ukrayna rəsmiləri artıq ABŞ-dan yardımların səngidiyini və 2024-cü ilin 5 noyabrında baş tutacaq ABŞ Prezident seçkilərindən sonra isə bu yardımların kəsilə biləcəyini təxmin edirlər və dünya ölkələrinin liderləri real ssenarilərə özlərini hazırlayırlar. Azərbaycanda bu gün populist Əli Kərimlilər, vaxtilə dövlət müşavirimiz olmuş ziyalı Vəfa Quluzadə və onun ideya davamçıları Rusiyanın dağılacağını iddia edir(di)lər. Bu iddialar 1991-ci ildə SSRİ parçalananda da vardı, 2003-cü ildə Gürcüstanda Qızılgül inqilabı baş verəndə də, 2005-ci ildə Qırğızıstanda “Lalə inqilabı” zamanı da, 2011-ci ildə bütün Ərəb dünyasını qanlı “bahar”lar bürüyəndə də, 2013-cü ildə ölkəmizdəki prezident seçkiləri dönəmində də, 2014-cü ildə Ukraynada meydan hərəkatı başlayanda da bu iddianı səsləndirənlərin səsi ucalırdı. Bu gün Ukrayna müharibəsi fonunda da eyni iddialar səslənir, lakin 2 il müddətində Ukrayna nəinki qalib gəlmək, 18% ərazisi işğala məruz qalıb, Rusiya isə ayaqdadır. Etik-demokratik yanaşmalar kontekstində dövlət təsisatını riskə atan Ukrayna siyasətçilərini zaman və gələcək nəsillər qiymətləndirəcəklər. Bizim üçün isə əsas olan tarixi-siyasi hadisələrdən çıxardığımız dərslərdir. Biz tarixə baxır, indini (indiki riskləri) öyrənir, gələcəyə fokuslanırıq. Təsadüfi deyil ki, 2024-cü ildən sonra dünya nizamında, dünyanın bir çox dövlətlərində siyasi dəyişikliklər baş verəcək, hakimiyyətlər öz yerini sabitləyəcək, yeni geosiyasi münasibətlər kontekstində tamamilə yeni qlobal layihələr reallaşacaq, bu nizamda yerini bərkidən hakimiyyətlər öz milli maraqlarını diktə etmək üçün yeni gündəm yaratmağa başlayacaqlar. Niyə də biz, diqtə edən tərəfdə olmayaq?! Azərbaycan hakimiyyətinin və xalqının vahid bütün olaraq bir yumruqda birləşməsi 2020-ci ilin 8 noyabr Zəfərinə və 2023-cü ilin 20 sentyabr bütünləşməsinə yol açaraq suverenliyimizin tam bərpası ilə nəticələndi ki, bu, milli maraqların tam anlamıyla dünyaya, xüsusilə Ermənistana və qlobal anti-Azərbaycan şəbəkəsinə diqtəsi idi. Azərbaycan dünyadakı ikili meyarlara meydan oxudu.

Bu baxımdan 7 fevral növbədənkənar prezident seçkiləri Böyük Zəfər missiyasının həyata keçirilməsində Azərbaycan xalqının milli iradəsinin təsdiqi, həmçinin gələcək Zəfərlər üçün ideyalar yarışı olaraq dəyərləndirilə bilər. Bəli, 7 fevralda gələcək Azərbaycan naminə ideyalar yarışacaqdır.

Zahid Oruc, daima Vətəni, xalqı və dövlətçiliyi qorumaq üçün çalışan millət vəkili, dövlət idarəçiliyində mühüm rol oynayan tədqiqat-beyin mərkəzinin rəhbəri kimi yeni dünya nizamında Yeni Azərbaycan modelinə dair ideyalar bütünü ilə seçkilərə qatılır.

Zahid Orucun siyasi avtobiaqrafiyasının ən gözəl ifadələrindən biri belədir: “Zahid Orucun idarə etdiyi Sosial Tədqiqatlar Mərkəzi hökümətin imicinin qeydinə qalan, bu imicin müsbət olması üçün çalışan bəlkə də bir nömrəli qurumdur. Azərbaycan siyasi arenasında ehtiyatlılığın rəmzi olan Zahid Oruc yalnız və yalnız özünün kadrıdır. Onun haqqında “Azərbaycanın baş ideoloqu” ifadəsi işlədilir”. Bu ifadə qətiyyən şişirtmə deyil, Zahid Orucun fəaliyyətinə və ideoloji baxışlarına nəzər yetirən hər kəs tərəfindən aydın sezilən lider keyfiyyətidir.

Zahid Oruc 1990-cı illərin siyasi təlatümündə Azərbaycan dövlətini Heydər Əliyevin xilas etdiyini, müxtəlif tarixi rakurslardan baxsaq 200 illik və ya 30 illik işğal və məğlubiyyət utancından Azərbaycan xalqını İlham Əliyevin xilas etdiyini vurğulayaraq, gələcəkdə Azərbaycanın hər bir vətəndaşı üçün yeni Zəfər salnaməsinin xəritəsini və ya ilkin eskizini təqdim etməyə iddialıdır.

O öz siyasi platformasında yer alan ideyaları, aparıcı mesajları, yanaşmaları, standartları və şüarları ilə yeni dövrün tələblərinə cavab verməklə dövlətimizin və dövlətçiliyimizin inkişafına, xalqımızın rifahına xidmət edəcəkdir. Zahid Orucun siyasi platforması “4-cü Respublika: Qalib Azərbaycanın yeni yüz ili” adlanır və bu platforma gələcək 30-50-100 il üçün strateji inkişaf planları ilə diqqəti cəlb edəcəkdir.

O, 2018-ci il Prezident seçkilərində iştirak edərkən deyirdi: “Siz əgər bu dövlətin əsgəriyəm deyirsinizsə, hansı səngərdə döyüşdüyünüzü göstərin. Ulu Öndər Azərbaycan od alov içində yananda təsadüfi deyil ki, özünə heç kimi köməyə çağırmırdı, amma deyirdi: mövqeyinizi göstərin.” Zahid Orucun mövqeyi bu baxımdan bəllidir. O, Azərbaycanın siyasət meydanındakı əsgəridir. O, Azərbaycançıdır. O, millətçidir. Digər millətlərin haqlarını verərkən ən çox Azərbaycanlıların haqqını özünə verən lider və novator baxışlarına sahibdir. Zahid Oruc, dövlət aparatının aparıcı şəxslərinə milli maraqların qorunmasını, bu istiqamətdə daxili və xarici təzyiqlərə sinə gərərək milli-fərdi mövqe ortaya qoymağı, bir növ milli maraqların müdafiə səngərində yer almağı daima təlqin və tələb edib və edir. O, yeni yüz ildə Azərbaycanın Qarabağ Zəfərindən yeni Zəfərlər üçün faydalanmağa, qələbəsini gözləyən digər “Qarabağlara” – təhsil, səhiyyə, sosial həyat, iqtisadi islahatlar, mədəni-ideoloji düşüncə, geosiyasi fəaliyyət, və s. yönəlməyi, Azərbaycanı yaxşı idarəçilik modelinin dünyada aparıcı simalarından birinə çevirməyi hədəfləyir. Buna görə, Zahid Oruc, Zəfərin müəllifi Ali Baş Komandana daima milli ehtiramını qorumaqla, gələcək Zəfərlər üçün platforma yaradan seçki marafonuna mühüm siyasi alət kimi yanaşır. Bu alətdən istifadə etməklə hər bir Azərbaycan vətəndaşı öz zəfərini rəngləndirə bilər. Axı bizim narıncı inqilab rənglərinə və qan rənginə deyil, Zəfər rənglərinə ehtiyacımız var. Gəlin, Zəfərimizi birlikdə rəngləndirək!

Şəhla Cəlilzadə