"Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparılmayıb"

 14:00 12.01.2024     225

"Biz Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı bəyanatları görürük və onları həqiqətə uyğun olmayan hesab edirik".

Redaktor.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, Ermənistanda Rusiya sülhməramlılarının Qarabağ ermənilərini müdafiə etməməsi ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir, bunlar məsuliyyətdən azad olmaq üçün faktlarla manipulyasiya etmək cəhdləridir.

M.Zaxarova bəyan edib ki, Qarabağda ermənilərə qarşı hər hansı etnik təmizləmə həyata keçirlməyib.

O deyib, Ermənistan tərəfinin buna dair sübutları varsa, təqdim etsin.

“Biz Ermənistan Xarici İşlər Nazirliyindəki həmkarlarla çox etibarlı, yaxşı, sıx dialoq qurmuşuq. Biz dəfələrlə bu bəyanatlarla bağlı Rusiyanın mövqeyini izah etmişik və demişik ki, bunlar yalnız ikitərəfli münasibətlərə yeni problemlər gətirir və əlbəttə ki, heç nəyə töhfə vermir: nə ikitərəfli gündəliyin möhkəmlənməsinə, nə də regional problemlərə. Amma təəssüf ki, görünür, bu orada kiməsə sərfəlidir. Bunun Ermənistanda kiməsə sərfəli olub-olmadığını bilmirəm, xaricdə kiməsə sərfəli olub-olmadığını da söyləmək çətindir. Hesab edirik ki, bunlar məsuliyyətdən yayınmaq üçün faktları saxtalaşdırmaq cəhdləridir. Mən bunu başqa cür qiymətləndirə bilmərəm”, - deyə Zaxarova bildirib.