"Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçərək Naxçıvana gedəcəklər" - Deputatdan AÇIQLAMA
"Biz kommunikasiyaların açılmasını şübhəsiz ki, sülhün əsas vasitələrindən biri kimi görürük. Prezident də öz açıqlamasında qeyd etdi ki, Azərbaycan vətəndaşları Azərbaycanın bir ərazisindən digərinə maneəsiz keçməlidir. Heç bir nəzarət, gömrük, sərhəd yoxlanışı olmamalıdır. Azərbaycanın əsas tələbi budur. Şübhəsiz, maneəsiz keçidin həm də təhlükəsizliyi təmin olunmalıdır ki, bu da sülhün əsas şərtlərindən biri olmalıdır. Nəticə etibarilə, Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçərək Naxçıvana gedəcəklər. Ona görə də Azərbaycan üçün əsas prioritet bu dəhlizin açılması və Azərbaycan vətəndaşlarının və yüklərinin heç bir inzibati nəzarətə tabe tutulmadan bir nöqtədən digər nöqtəyə hərəkətinin təhlükəsiz şəkildə təmin olunmasıdır".
Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin yerli kanallara verdiyi müsahibə zamanı kommunikasiyala bağlı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, rus sərhədçilərinin həmin ərazidə olub-olmaması məsələsinə gəldikdə isə, şübhəsiz ki, bu, hazırkı əldə olan sənədlərə görə Ermənistanın öhdəçiliyidir:
"Həm də Ermənistanın Rusiya qarşısında öhdəçiliyidir. Nəticə etibarilə üçtərəfli bəyanata imza atan ölkələrdən biri təminatçı qismində Rusiya Federasiyasıdır. Ona görə də mən düşünürəm ki, orada Rusiya Federasiyası sərhədçilərinin olub-olmaması, bu, daha çox Ermənistan və Rusiya arasında həll olunmalı məsələdir. Azərbaycan üçün isə əsas prioritet dediyimiz kimi, Azərbaycan vətəndaşlarının sərbəst şəkildə və maneəsiz Qərb rayonlarımızdan Naxçıvana çıxışının təmin olunmasıdır. Azərbaycan Prezidenti qeyd etdi ki, əks təqdirdə əgər bu baş tutmayacaqsa, Ermənistandan heç bir kommunikasiyalar açılmayacaq. Çünki bu, Naxçıvan blokadada qala-qala, Ermənistanın blokadadan çıxması olar. Çünki əgər biz Tovuzdan və yaxud Qazax-Dilican ərazisindən Ermənistanın Azərbaycan dəmir yolu xətlərinə çıxışını təmin etsək, Ermənistan yükləri və sakinləri Azərbaycan üzərindən üçüncü ölkələrə - Rusiyaya, İrana və digər ölkələrə çıxış əldə edəcəklər. Dolayısı ilə Ermənistan blokadadan çıxmış olacaq, Naxçıvan blokadada qalacaqdır. Ona görə də Azərbaycanın haqlı mövqeyi ondan ibarətdir ki, Azərbaycan vətəndaşları da maneəsiz şəkildə bir ərazisindən özünün digər ərazisinə getmək hüququnu əldə etməlidir".
Həmidə İBRAHİMLİ