“Azərbaycan beynəlxalq münasibətlərdə aparıcı simalardan biridir” - Adil Əliyev

 16:48 12.01.2024     171

2024-cü ildə dövlətimizin qarşısında bir sıra mühüm hədəflər dayanır ki, bu hədəflərin reallaşdırılması həm beynəlxalq aləmin subyekti olaraq ölkəmizin qüdrətlənməsinə, həm də xalqımızın firavanlığının təmin olunmasına müstəsna xidmətlər göstərəcəkdir. Yeni dövr yeni çağırışlarla zəngindir və bu siyahıya işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, məcburi köçkünlərin öz evlərinə qayıtması prosesinin davamı və COP-29 kimi mötəbər tədbirlərin keçirilməsi aiddir.

Eləcə də, bu ili xalqımız üçün daha da əlamətdar edən hadisə 7 fevral tarixində keçiriləcək Prezident seçkiləridir. Bu seçkilər bütün Azərbaycan ərazisində keçiriləcək ilk seçki olmaqla bərabər, həm də yeni dövrün başlanğıcını qoyacaq. Qədirbilən Azərbaycan xalqı seçkilərdə fəal iştirak edərək bu yeni dövrə öz xeyir-duasını verəcək.

Bir neçə mühüm məqamı xatırlamaq yerinə düşər. 2003-cü ildə xalqımız ilk dəfə cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçərkən həm də Ulu Öndərin siyasətinin davam etdirilməsini dəstəkləmişdi.  Bununla onlar  ərazi bütövlüyümüzün tam bərpası, dövlət müstəqilliyimizin əbədi və dönməz olması ilə bağlı iradələrini də nümayiş etdirdilər. Çünki 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi bizi siyasi hərc-mərclikdən, ərazi itkilərindən, müstəqilliyimizin itirilməsi təhlükəsindən xilas etmişdi.

2003-cü ildə Prezident seçkilərində xalqımızın Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevə dəstəyi, ötən illər ərzində Prezident-Xalq birliyinin sarsılmazlığı ölkəmizin bir çox uğurlara imza atmasına və bugünkü qüdrətinə çatmasına vəsilə oldu.

Belə ki, ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, iqtisadi dayanıqlılığa malik, bütün sahələrdə inkişaf edən müasir, güclü, qüdrətli və vətəndaşların rifah halını təmin edən  sosial dövlətə çevrilib.

Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, regional güc mərkəzi olan ölkəmiz müasir dünyada etibarlı tərəfdaş kimi tanınır, Qərbin  enerji təhlükəsizliyində mühüm yer tutmaqla, Avropanın qaz təchizatında önəmli mövqeyə sahibdir.

Bu uğurların, qələbələrin ən möhtəşəmi isə, əlbəttə, Qarabağın və Şərqi Zəngəzurun düşmən işğalından azad edilməsidir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində düşmən üzərində tarixi Zəfəri və lokal antiterror tədbirlərində parlaq qələbələri uzun illər davam etmiş erməni təcavüzünə birdəfəlik son qoymaqla ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Bu amil sözsüz ki, müasir tariximizdə yeni mərhələ olmaqla ölkəmizin qarşısında yeni üfüqlər və imkanlar açır.

İndi isə bizi qarşıda uzun yol gözləyir. Bu yolda gün Azərbaycanın nüfuzu ilə barışmaq istəməyən dairələr, xüsusən də açıq-aşkar öz qərəzli mövqeyini nümayiş etdirən Fransanın atdığı addımları hər birimiz görürük. Fransa 2020-ci ildən etibarən açıq-aşkar sərgilədiyi riyakar siyasəti ilə Ermənistanı dəstəkləyir, silahlandırır, Cənubi Qafqazdakı sülhə mane olmağa çalışır. Təbii ki, bu siyasətin ana xəttində Fransanın çoxəsrlik müstəmləkə siyasəti dayanır, bu ölkənin Əlcəzairdə, eləcə də Afrika qitəsində törətdiyi cinayətlərin misli-bərabəri yoxdur. Təəssüf ki, bir çox ölkələr hələ də Fransanın neokolonializm siyasətindən əziyyət çəkir.

Azərbaycanın güclənməsini istəməyən bu dairələrin mövqeyi hər kəsə bəllidir. Lakin unudurlar ki, Azərbaycan bu gün müstəqilliyinin ilk illərindəki kimi zəif bir ölkə deyil. 30 illik düşmən işğalına öz gücü ilə son qoyaraq tarixi Zəfər əldə etmiş, suverenliyini tam bərpa etmiş ölkədir. Ölkəmiz istər iqtisadi, istər hərbi, istərsə də siyasi cəhətdən qüdrətli dövlət, beynəlxalq münasibətlərin əsas oyunçularından biridir.

Azərbaycan öz  milli maraqlarını qorumağa qadir qalib ölkədir və öz müstəqilliyini daimi və dönməz etmək gücünə və qətiyyətli iradəyə sahibdir.

Adil ƏLİYEV,

Milli Məclis sədrinin müavini