"Natəvanın heykəlinə hücum cavabsız qalmayacaq" - Azərbaycan-Fransız Universiteti bağlana bilər
"Cənab Prezident öz çıxışı zamanı yerli televiziya kanallarına bir sıra mühüm məsələləri vurğuladı və ötən ilin sonu, həm də bu ilin əsas prioritetləri haqqında fikirlərini bölüşdü, ölkəmizdə keçiriləcək COP29 tədbiri, eləcə də prezident seçkiləri ilə bağlı önəmli və insanları düşündürən suallara cavab verdi. Eyni zamanda vurğuladı ki, Fransa Azərbaycana qarşı öz qərəzli münasibətini davam etdirir".
Bu sözləri Redaktor.az-a politoloq İlyas Hüseynov Prezident İlham Əliyevin yerli kanallara verdiyi müsahibə zamanı Fransanın Azərbaycana qarşı təxribatları ilə bağlı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər əvvəllər siyasi, geopolitik sahədə qarşıdurmanı və Fransanın ölkəmizə qarşı birtərəfli münasibətini görürdüksə, getdikcə bu ayrı-ayrı yeni sahələri də əhatə edir:
"Çünki bir sıra şəxslər Fransanın xeyrinə Azərbaycanda casusluq fəaliyyəti ilə məşğul olur və Azərbaycanın xüsusi xidmət orqanları onları ifşa edir və bu, həm də ona dəlalət edir ki, Fransa əlində olan bütün imkanlardan ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərməkdədir. Eyni zamanda qeyd etməliyəm ki, Fransa diplomatlarını arzuolunmaz şəxs (persona non qrata) elan edərək onların ölkədən çıxarılmasının tələbi də göstərir ki, Fransa həm də diplomatik əlaqələr haqqında 1961-ci ildə qəbul olunan Vyana Konvensiyasının tələblərinin pozur. Yəni Fransa özünü demokratiyanın beşiyi, Avropanın liberal dəyərlərinin formalaşmasında öncül dövlət, Avropa İttifaqının əsas lokomotivi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Nüvə klubunun üzvü kimi qələmə versə də, faktiki olaraq bu dövlətin ölkəmizdə olan diplomatları öz səlahiyyət hüquqlarını aşırlar və casusluqla məşğuldurlar. Yəni bu, konkret nəticələrlə də təsdiqlənmiş vəziyyətdir.
Bizim görkəmli ədibimiz Xurşudbanu Natəvanın büstünün vandalların hücumuna məruz qalması da düşünürəm ki, cavabsız qalmayacaqdır. Buna cavab nədən ibarət olacaq? Bunu biz qarşıdakı dövrdə gözləyirik. Amma mənə elə gəlir ki, bu, humanitar, mədəni əlaqələrlə bağlı olacaqdır. Çünki Azərbaycan öz praktikasında da göstərib ki, biz simmetrik cavab veririk. Bizi bizim maraqlarımıza zidd hansı hadisə baş versə, eyni ilə onun cavabını da qarşı tərəf görür və ola bilsin ki, bu, elə mədəniyyət sahəsini əhatə eləsin, təhsil sahəsini əhatə edə bilər. Çünki Bakıda fransız məktəbi, Azərbaycan-Fransız Universiteti fəaliyyət göstərir. Amma əlbəttə ki, bu, iki ölkə arasında münasibətlərə təsir göstərir. Bütün mümkün bağları, körpüləri Fransa dağıdır və əlbəttə, biz belə münasibətlərin inkişaf ssenarisini istəmirik. Biz ədalətli və beynəlxalq hüquqa söykənən münasibətlərin tərəfdarıyıq. Təəssüflər olsun ki, Fransa bizə çıxış variantı qoymur. Bizim üçün manevr imkanlarını qoymur və bu da əlbəttə ki, sülh əleyhinə, sülhə müqavimət göstərən bir dövlətin ölkəmizə qarşı münasibətinə reaksiyadır. Azərbaycan güclü dövlətdir və ölkəmizə qarşı həyata keçirilən məkrli siyasəti heç vaxt cavabsız qoymayıb".
Həmidə İBRAHİMLİ