"Paşinyan tarixdə ilk dəfə özünün mövqeyini müdafiə etməlidir" - AÇIQLAMA

 13:54 15.01.2024     301

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların bərpasına razı olduqlarını açıqlayıb.

"Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır", - deyə o qeyd edib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bilidrdi ki, Nikol Paşinyanın bu açıqlamasına heç bir halda güvənmək olmaz, çünki burada Ermənistanın özünün uydurduğu hansısa  "şərtlər"dən söhbət gedir.

Onun sözlərinə görə, Paşinyan bu məsələni qaldırmaqla əslində hansısa uydurma xəritələrdən bəhs etmək istəyir:

"Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında quru əlaqəsinin yaranması ancaq bu halda mümkün ola bilər ki, Zəngəzur dəhlizi açılsın, fəaliyyətə başlasın və Ermənistan bu dəhlizlə bağlı 2020-ci ilin 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Əksi olacağı təqdirdə mən hesab edirəm ki, bu, çox böyük bir manipulyasiyadan başqa bir şey deyil. Bu gün Paşinyan, özəlliklə Qərb dairələrinin əli ilə bəhanə edərək Azərbaycanı reallıqla bağlı ortaya qoyduğu mövqeləri sabotaj etməyə çalışır və hesab edirəm ki, bütün bunlar hər bir halda Ermənistanın növbəti uğursuz cəhdlərindən başqa bir şey deyil. Amma istənilən halda artıq Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması ilə bağlı ortada bir iradə var və bu iradə ilə bağlı da beynəlxalq təşkilatların da obyektiv rəyi olmalıdır. Və əlbəttə ki, Naxçıvanla quru yolunun açılması bölgəyə siyasi baxımdan böyük töhfə verəcək. Bu, təkcə türk dünyasının siyasi baxımdan logistik əlaqələndirilməsi deyil, həm də orta dəhliz, şimal, cənub, şərq, qərb kimi önəmli layihələrin ən önəmli parametrlərinin də işə düşməsi ilə nəticələnəcək. Həmçinin burada Rusiya, Çin, türk dünyası və əlbəttə ki, Azərbaycan, Türkiyə və hətta ən böyük halda Ermənistanın özü belə çox ciddi iqtisadi dividendlər əldə edə bilər və indi Paşinyan tarixdə ilk dəfə müstəqillik göstərərək xarici provakatorların deyil, özünün mövqeyini müdafiə etməlidir. Bundan sonra da hesab edirəm ki, artıq sülhlə bağlı məsələlər və perspektivlər müzakirə edilməli və daha da sıxlaşmalıdır".

Həmidə İBRAHİMLİ