"Paşinyan sülhə mane olanların adını çəkməlidir"

 18:27 15.01.2024     315

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib ki, bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir.

“Təəssüf ki, istər Ermənistanda, istər Azərbaycanda, istərsə də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq”, - Baş nazir qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural Əliyev xatırlatdı ki, üç ildir müharibə bitməsinə baxmayaraq, Paşinyan hər dəfə sülhə mane olan tərəflərin, qüvvələrin olduğunu deyir:

"Heç ad çəkmir. Çox yaxşı olardı ki, konkretləşdirsin. Çünki məsələ uzanır, konkret hədəfi göstərsin. Desin ki, bu qüvvə mane olur. Demirsə, deməli, bu ümumi yanaşmalardır. Adətən belə ümumi yanaşmalar vaxtı uzatmağa yönəlib. Qüvvələr var və daxildəki qüvvələr nəzərdə tutulur. Tutaq ki, ara-sıra kilsə ilə toqquşur, diasporu ilə, revanşist qüvvələrlə, müxalif partiyalarla, bir də xarici qüvvələrlə. Xarici qüvvələr də necə qoymur? Əslində onun özünə mane olan qüvvələr var ki, hansı ki, Azərbaycan şərtlər irəli sürür, o şərtlərlə Ermənistan razılaşmır. Razılaşmırsa deməli, bu şablon yanaşmalar, təkliflər Ermənistana ötürülür. Ermənistan da özünəməxsus onu xarakterizə edərək Azərbaycana göndərir.

Deməli, burada sülhə mane olan tərəflər dedikdə, Ermənistan onu özündə axtarsın. Həm daxilində, həm xaricində. Çünki Azərbaycana mane olan yoxdur. Azərbaycan zatən müharibə bitdikdən sonra təklifini də verib, konkret nə istədiyini deyib. Paşinyana kimlərsə mane olursa, bu da artıq Paşinyanın öz problemidir və yaxşı olardı ki, konkretləşdirsin kimlərdir. Yəni onun adını çəksə biz regional siyasəti, Ermənistana qarşı olan siyasəti ona uyğun formalaşdıraq. Ancaq ad çəkmədikcə, bu, ümumi yanaşmadır, ümumi konsepsiyadır".

Həmidə İBRAHİMLİ