"Seçkidə informasiya dəyəri olan bütün məlumatlar media üçün əlçatan olmalıdır" - Ekspert
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.
Seçki ərəfəsində mətbuat orqanları nəyə diqqət etməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, mətbuatın işi, seçki prosesini işıqlandırmaqdır.
Onun sözlərinə görə, seçki prosesini işıqlandırarkən informasiya dəyəri olan bütün məlumatlar media üçün əlçatan olmalıdır:
"Ayrıca da, media üçün məqbuldur ki, onların yayılması ilə məşğul olsun. Media əgər təbliğat prosesində iştirak etmək istəyirsə, o zaman öncədən ödənişli vaxtını müəyyən etməli idi. Öncədən elan edib MSK-ya təqdim etməli idi ki, MSK ona uyğun şəkildə informasiyaların mediada yayılmasına hər hansı bir formada problem çıxarmazdı. Amma yox, o yoxdursa, o zaman o, qanunsuz təbliğatda iştirak kimi qiymətləndirilə bilər. Amma bunun xaricində informasiya dəyəri olan bütün informasiyalar media üçün verilə bilən informasiyalardır və jurnalistlər özləri müəyyən edəcək ki, hansı informasiyanın yükü ictimai əhəmiyyət daşıyır, hansınınkı daşımır".
Həmidə İBRAHİMLİ